İdman

Rəşad Əzizli: “Kaş ki, Səlahət Ağayev zədələnməzdi”

“Neftçi”nin qapıçısı Rəşad Əzizlinin İdmanxeber.com saytına müsahibəsi.

– Rəşad, cari mövsümün əvvəli Səlahət Ağayevin zədələnməsindən sonra əsas qapıçı sən oldun və üzərinə düşən vəzifənin öhtəsindən demək olar layiqincə gəldin. Həm öz çıxışını, həm də komandanın oyunlarını necə dəyərləndirərdin?

– Həqiqətən mövsümün başlanığcında yaxşı olmayan “Neftçi” var idi. Sağolsunlar, uşaqlar əl-ələ verib, yaxşı oyunlar sərgilədilər və biz “qara zolaq”dan müəyyən qədər çıxdıq. Burda məşqçilərin də əməyi az olmadı. Qaldı ki, öz oyunum… Vallah, düşünürəm ki, mənim də çıxışlarım pis alınmadı. Düzdü, səhv etdiyim oyunlar da oldu. Öz çıxışımı dəyərləndirsəm, səhvlərimi də görərəm. Ümumi götürsək, mənim üçün də pis alınmadı. Kaş ki, Səlahət Ağayev zədələnməzdi, onun zədə alması arzuolunan hal deyil. Çünki mənə yaxın bir insandı. “Neftçi” kimi klubda birdən-birə əsas heyətə düşmək isə əsl məsuliyyətli işdi.

– Düşünürsən ki, “Neftçi”nin nisbətən “qara zolaq”dan çıxmasında sənin də əməyin var?

– Yox, belə deməzdim. Bu ümumi komanda işidi. Futbolçularımız yaxşı çıxış edib ki, nəticə qazanılıb. Çünki bir çox hallarda onlar mənim səhvlərimi siğortalayırdı. Mənim də vəzifə borcum “Neftçi”yə kömək etmək, onların səhvlərini düzəltməkdi. Məğlub olanda da, qələbə qazananda da, bu hal komanda şəklində baş verir. Hər birimizin ürəyi eyni döyünməlidi. 

– “Neftçi” bu gün daa bir qapıçını transfer etdi. Söhbət Aqil Məmmədovdan gedir və o, öz açıqlamasında bildirib ki, ehtiyatda oturmaq niyyətində deyil…

– Aqilin gəlməyi sevindirici haldı, o, da xətrini istədiyim insandı. Niyə sevindim, çünki rəqabət olardı. Əgər baş məşqçi Tərlan Əmədov belə məsləhət bilibsə, qarışa bilmərik. Əsas heyətdə kimin oynayacağına da məşqçilər qərar verəcək. Deyə bilmərəm ki, mə əsas heyətdə duracam, ya başqası…

– Aqil Məmmədovun gəlişini özün üçün haqsız edirsənmi?

– Düşünmürəm ki, Tərlan Əhmədov mənə qarşı haqsızlıq edir. Demək ki, onların gözündə vəziyyət bu cür görsənir. Buna heç kim qarışa bilməz. Xeyirlisi nədi, o da olacaq. Bizim işimiz meydanda futbol oynamaqdı. 

– Hazırda Azərbaycan çempionatında, o cümlədən milli komanda üçün qapıçı qıtlığı yaşanır. Özünü yığma üçün hazır hesab edirsən?

– Bu mənim üçün ancaq fəxr ola bilərdi. Mən də istəyərəm ki, milli komandaya dəvət alım, öz köməyimi göstərim. Ancaq çağırılmıramsa, demək günahı özümdə görməliyəm. Heç kim güclü qapıçını ehtiyatda saxlamaz. Mətbuatda oxumuşdum ki, Qurban Qurbanov mənim haqda verilən sualı cavablandırıb. Bildirib ki, Rəşad Əzizli diqqətimizdədi. Çalışaram ki, hər kəsin daha da yaxşısını bacarım.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43