Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki futbol11.az saytına müsahibə verib.
İdmanxeber.com həmin müsahibəni təqdim edir:
– İddialara görə “Valensiya”dan təklif almısınız. Bu məsələ barədə nə deyə bilərsiniz?
– Bu barədə danışmaq istəmirəm.
– Xarici mətbuatda yer alan məlumatlara görə özünüzə Madriddə ev almısınız. Bu, doğrudurmu?
– Artıq mənim Madriddə evim var. Amma məsələ ilə bağlı ətraflı məlumat vermək niyyətində deyiləm.
– Millinin növbəti toplanışı nə vaxt olacaq? Ümumiyyətlə, planlar necədir?
– Bütün fikirlər hazırlıqlarla bağlıdır. Mayın 15-də komandamız bir araya gələcək və həmin ayın 20-də Avstriyaya təlim-məşq toplanışına gedəcəyik. İki yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. İyunun 3-də Bakıya qayıdacağıq və Şimali İrlaniya ilə oyunun son hazırlıqlarını ölkədə davam etdirəcəyik. Bütün fikirlərimiz vacib Şimali İrlandiya görüşünədir. Bu, Azərbaycan üçün ən vacibdir. Məncə, əldə etdiyimiz nəticə qrupdakı taleyimizi müəyyənləşdirəcək.
– Yoxlama oyunlarında hansı millilərlə qarşılaşmağı planlaşdırmısız?
– Təəssüflər olsun ki, seçim imkanımız böyük deyil, danışıqlar gedir. Nə qədər güclü rəqib olsa, bizim üçün bir o qədər də yaxşıdır. Bu məsələ həll olan kimi açıqlama verəcəyik.
– Toplanış zamanı və ya Şimali İrlandiya ilə oyunda millidə yeni ad görə bilərik?
– Mən fikirləşirəm ki, olmayacaq.
– Mayın 5-də ölkə kubokunun finalıdır. Oyunu izləmək üçün Naxçıvana gedəcəksiniz?
– Hələ ki, bilmirəm. Yaxın günlərdə qərar verəcəm. Əslində, finalda iştirak edəcək komandaların oyunçuların yaxşı tanıyıram və buna görə də qərarsızam.