İdman

Ronaldinyo: “Əvvəllər də Azərbaycan barədə yaxşı sözlər eşitmişdim” – MÜSAHİBƏ

Bu gün Bakı Olimpiya stadionunda “Qəbələ” İdman Klubunun təşəbbüsüylə məşhur braziliyalı futbolçu Ronaldinyonun mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, klub akademiyasının direktor müavini Nail Kərimov iştirak ediblər.

İdmanxeber.com xəbər verir ki, Braziliya millisinin və “Barselona”nın keçmiş futbolçusu, həmçinin digər iştirakçılar jurnalistlərin suallarını cavablandırıblar:

– Dünəndən bəri hamı Ronaldinyonun Bakıya gəlişi barədə danışır. Bakı barədə ilkin təəssüratlarınızı bilmək maraqlı olardı… 

– Ronaldinyo: Əvvəla hamınızı salamlayıram. Əvvəllər də Azərbaycan barədə yaxşı sözlər eşitmişdim. Bilirəm ki, Azərbaycanda braziliyalı futbolçular top qovur. Təxminən bir ay, ay yarım əvvəl “Qəbələ” rəhbərliyi ilə akademiyanın açılşı ilə bağlı danışıqlara başladıq. Burda olmaqdan, sizi görməkdən çox şadam.

– Tale bəy, bugünkü “Saint-Etienne” – “Qəbələ” oyunu barədə nə deyə bilərsiniz? 

– Tale Heydərov: Əvvəllər Ronaldinyoyla bu cür iş görmək planımızda yox idi. Ancaq sonradan belə fürsət yarandı. Ronaldinyonun ölkəmizə gəlişi dünən alındı. Buna görə, bugünkü oyunu izləyə bilməyəcəyəm. Rəqibimiz ciddi rəqibdir. Çətin oyun olacaq. Futbolçular da, məşqçi də söz veriblər ki, bu gün yaxşı oyun sərgiləyəcəklər. Bu gün onlardan yaxşı nəticə gözləyirəm.

– Ronaldinyo bu gün keçiriləcək “Qarabağ” – PAOK oyununu stadiondan izləyəcək? 

– Bu baxır bizim proqramımıza. Proqrama uyğun gəlsə, gedəcəyik.

– Akademiya ilə mütəmadi olaraq maraqlanacaqsız?

– Bizim akademiyada məşq edəcək oyunçulara əlimdən gələn köməyi etməyə çalışacağam. Gələcəkdə də onlara həmişə dəstək olacağam.

– Siz belə doğulmusunuz, yoxsa tədricən bu cür futbolçu olmusunuz?

– Əlbəttə, ilk növbədə Allah vergisidir. Ancaq sonradan tədricən öz üzərimdə məşq etməyə başladım. Qazandığım kubokları da gərgin məşqlərin sayəsində əldə etdim.

– Bu gün burda gördükləriniz sizə İspaniyanı xatırladır, yoxsa sizin üçün yenilikdir?

– Deyə bilmərəm ki, burda daha çox jurnalist var, yoxsa İspaniyada. Bura gəldiyinizə görə hamınıza təşəkkür edirəm.

– Millimiz son vaxtlar uğurlu çıxış edir. Bu barədə nə deyə bilərsiz? Bir də ki, gələcəkdə Braziliya və Azərbaycan millisinin yoldaşlıq oyununda qarşılaşmasına vasitəçilik edə bilərsiz?

– Bəli, bundan xəbərim var. Bilirəm ki, Azərbaycan millisi seçmə mərhələdə 7 xal toplayıb. Bura gələrək, yerli futbolla yaxından maraqlanmaq istədim. O ki qaldı milli komandaların oyununa, əlbəttə, kömək edə bilərəm. Əsas odur ki, buna milli komandalar razı olsun.

– Hansı komandaya azarkeşlik edirsiniz?

– Mən özüm “Gremio” azarkeşiyəm. Uşaq vaxtından bu komandaya azarkeşlik edirəm. Özüm də bu klubun təmsil etdiyi şəhərdə doğulmuşam.

– Bildiyim qədəriylə son vaxtlar futzalla da məşğul olursunuz. Ölkəmizdən bu cür təklif gəlsə, razılaşarsınız?

– Hələ futbolçu karyeramı bitirib-bitirməyəcəyimlə bağlı qərar verməmişəm. Bu barədə qərarı ilin sonunda verəcəyəm. Ola bilsin, vida görüşü keçirdim.

– Ronaldinyo üçün dünyanın ən güclü futbolçusu kimdir?

– Dünyanın ən güclüsü Messidir.

– Siz dünyanın ən güclü futbolçularından biri idiniz. Maradona səviyyəsinə çatmağınıza nə mane oldu? Bir də ki, azərbaycanlı uşaqlara nə məsləhət verərdiniz?

– Onu deyə bilərəm ki, məşqlərə ciddi yanaşsınlar. Məşqə hamıdan tez gəlib, hamıdan gec getsinlər. O ki qaldı digər suala, mən elə Pele və Maradona kimi dünya ulduzlarının səviyyəsindəyəm (gülür).

– Sizi demək olar, hamı sevir. Bunun səbəbi nədir?

– Bunun dəqiq cavabını bilmirəm. Yəqin bu, göstərdiyim gözəl futbola görədir. Doğrudan da, getdiyim hər ölkədə məni çox isti qarşılayırlar.

– Tale bəy, Ronaldinyonun “Qəbələ”də oynaması azarkeşləri də stadiona cəlb edə bilər. Onu komandaya cəlb etmək barədə düşünmürsüz ki?

– Tale Heydərov: Bunu onun özündən soruşsaz, daha yaxşıdır (gülür). Məncə, Ronaldinyo kimi bir futbolçunun Azərbaycan klubunda oynaması xəyal kimidir. Ancaq onunla razıyam ki, Ronaldinyo kimi futbolçunun klubda çıxışı azarkeşləri də stadiona cəlb edər.

– Ronaldinyo Azərbaycanda oynamağı düşünmür ki?

– Ronaldinyo: Niyə də yox? (gülür)

– Ronaldinyonun elə sirri var ki, ancaq azərbaycanlı jurnalistlərə açıqlaya bilər?

– Düzünü desəm, mənim elə də sirrim yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43