Dünyadan

Runi “Mançester Yunayted” tarixinə adını yazdırdı

“Mançester Yunayted”in “Feyenoord”u məğlub etdiyi matçda Ueyn Runi klub tarixinə keçib.

İdmanxeber.com-un məlumatına görə, Avropadakı qol sayını 39-a yüksəldən Runi, Ruud van Nistelrooyu geridə qoyaraq “Yunayted” tarixinin Avropa kuboklarındakı ən çox qol vuran futbolçusu olub.

Runi matç sonunda son dövrdə özünə ağır tənqidlər yönəldən mətbuata da cavablar verib. Milli komanda düşərgəsində olarkən spirtli halda çəkilmiş fotoşəkilləri geniş əks-səda oyandıran Runi, “Media mənim ölüm elanımı yazırmış kimi görünür, ancaq bu olmayacaq. Mən hələ qocalmamışam”, – deyə bildirib.

Runinin 249 qola sahib Ser Bobbi Çarltonu keçərək klub tarixinin bombardiri olması üçün isə sadəcə 2 dəfə fərqlənməsi bəs edəcək. Baş məşqçi Jose Mourinyo isə matç sonunda bir tərəfdən Runiyə təriflər yağdırarkən, digər tərəfdən UEFA Avropa Liqasını qazanmağa çalışacaqlarını söyləyib:

“Runinin rekord qırması böyük uğurdur. Klubu UEFA Avropa Liqasını qazanıb, bu nailiyyəti taclandırarsa çox daha yaxşı olar. Avropa Liqası bəlkə ən böyük turnir deyil, amma muzeyimizdə olmayan bir kubokdur. İşimizin çətin olduğunu bilirəm, amma həmişə birlikdə Avropa Liqasını qazanmağa çalışacağıq. Ümid edirəm ki, qrupdan çıxarıq və Runi də qol sayını daha da artırar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43