İdman

Tennisçi Roberta Vinçinin bütün mükafatları oğurlandı

İtaliyalı tennisçi Roberta Vinçinin evi qarət olunub. Cinayətkarlar idmançının bütün cavahiratını və mükafatlarını oğurlayıblar. AZƏRTAC xəbər verir ki, bu barədə zərərçəkənin özü “Instagram” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

R.Vinçi deyib: “Mən şəxsi həyatımın təfərrüatlarını bölüşməyə adət etməmişəm, çünki idmandan danışmağa üstünlük verirəm. Amma indi bu qaydanı pozuram. Bir neçə gün əvvəl bir dəstə soyğunçu Tarantodakı evimə soxularaq qiymətli əşyalarımı oğurlayıb. Onların arasında maddi dəyəri emosional dəyəri ilə müqayisəyəgəlməz əşyalar – karyeram boyu qazandığım mükafatlarım var”.

O deyib: “Əlimə raket götürdüyüm ilk gündən qan-tər içində çalışaraq məqsədlərimə çatmışam. Mükafatlarım sadəcə bir simvol olsa da, nə üçün məşq etdiyimi, korta çıxdığımı və daha yaxşı olmağa çalışdığımı hər gün mənə xatırladırdı. Onların oğurlanması qorxaqlıq və kütlük jestidir. Bilmək istərdim ki, məqsədlərimə çatmağımın arxasında dayanan xatirələrim, göz yaşlarım, alnımın təri, təbəssümüm, qurbanlarım və işimə sədaqətim indi kimin əlindədir. Onlar bunları məndən və bu yolu mənimlə birlikdə qət edən insanlardan qopara bilməzlər”.

34 yaşlı R.Vinçi öz karyerası ərzində on WTA turnirinin fərdi yarışlarında qalib gəlib, 2015-ci ildə açıq ABŞ çempionatının əsas matçının iştirakçısı olub və amerikalı Serena Uilyamsı yarımfinal mərhələsindən sıxışdırıb çıxarıb.

Bundan əlavə, italiyalı tennisçi WTA-nın himayəsi ilə keçirilən 25 turnirin qoşa yarışlarının, “Böyük dəbilqə” seriyasından dörd turnirin hamısının qoşa yarışlarının qalibi olub, Avstraliyanın açıq çempionatında isə hətta iki dəfə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43