İdman

“Tour d’Azerbaidjan-2014”-də üçüncü mərhələ geridə qaldı

Bu gün “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsində 25 komanda saat 10:30-da Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar.

Velosipedçilər bu dəfə 180 km məsafə qət ediblər.
Finiş xəttinə CAR-ın “MTN Qhubeka” komandasının əlcəzairli velosipedçisi Yusif Reqiqi hamıdan tez çatıb – 4 saat, 14 dəqiqə, 20 saniyə. Sloveniyalı Matey Mureli (“Adria Mobil”) 2-ci olub. İlk “üçlüy”ü isə isveçli Kristian Yensen (“Development Team Guant-Şhimano”) tutub.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticə Markus Eybegerə məxsusdur – o liderə 3 saniyə uduzmaqla 15-ci olub.
“Azərbaycan mənim üçün xoşbəxt ölkədir” – bu sözləri 3-cü mərhələnin qalibi Yusif Reqiqi mətbuat konfransında deyib. 2 il öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə 23 yaşadək velosipedçilər arasında keçirilən yürüşdə də mərhələ qalibi olan əlcəzairli velosipedçi yenidən ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib.
“Tour d’Azerbaidjan-2014” vüloyürüşünün fəxri qonağı, “Daşkənd Terminatoru” ləqəbli tanınmış velosipedçi, 90-cı illərin əvvəllərində “Tour de France” yarışında 9 dəfə mərhələ qalibi, 3 dəfə ən yaxşı sprinter olan Camoloddin Abdulcaparov Azərbaycana ilk dəfə gəlsə də, özünü doğma ölkədə hiss etdiyini deyib: “Burada hər şey gözlədir. Azərbaycanda ilk dəfə olsam da, hər zaman yenidən məmnuniyyətlə ölkənizə gələrəm. Velotur olduqca gözəl təşkil olunub. Elə bunun nəticəsidir ki, yarışda dünyanın ən yaxçı komandaları iştirak edir”.
3-cü mərhələ ümumi hesaba ciddi təsir etməyib. Avstraliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) liderliyini qoruya bilib. O, sabahkı starta da göy köynəkdə çıxacaq. Sloveniyalı Primoz Roqliç (“Adria Mobil”) ən yaxşı dağ yürüşçüsü kimi daşıdığı qırmızı köynəyə daha bir gün sahiblik edəcək. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi köynəyin də sahibi dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) məxsusdur. Yeganə dəyişiklik sloveniyalı Matey Muqerli (“Adria Mobil”) ilə bağlıdır. Balkanlı ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib.

Qeyd edək ki, 4-cü mərhələ Qəbələ-Ismayilli-Şamaxı istiqamətində olacaq. Velosipedçilər 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

(AVİF mətbuat xidməti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43