Premyer Liqa

Yuri Syominlə gələn ilk

"Qəbələ” tarixində 3-cü dəfə Premyer Liqaya ardıcıl 2 qələbə ilə başladı. İlk turda “Bakı” ilə səfər oyununda 2:1 hesabına sevinən Yuri Syominin yetirmələri bu dəfə “İnter”i 3:2 hesabı ilə üstələdi. Mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən ikisini xalsız qoyan komanda hər 2 qələbəsini əzmkarlıqla əldə edib. Belə ki, bu matçlarda hesabı rəqib futbolçuları açıb.

İndiyədək “Qəbələ” daha 2 dəfə mövsümün ilk 2 oyununda xal itirməyib. Sonuncu belə hadisə 5 il əvvəl yaşanıb. 2007/08 mövsümündə “Standard”ı 1, “Bakı”nı 2 cavabsız qolla keçən “qırmızı qaralar” növbəti çempionatda 2 böyükhesablı qələbə qazanıb. Həmin vaxt “Muğan” 4:1, MOİK 3:0 hesabı ilə məğlub edilib.

Syomin isə klub tarixində ilk baş məşqçidir ki, onun rəhbərliyi altında debütdəki 2 oyun 6 xalla başa çatır. “Qəbələ”nin tarixində heç bir çalışdırıcı bu postdakı ilk 2 oyununda ardıcıl qələbə görməyib. 

“İnter”lə matçda 3 qol vuran “Qəbələ” sonuncu dəfə 2012-ci ildə – ötən mövsümün XIV turunun “Rəvan”la səfərdə keçirilən oyununda 3 qol vurub – 3:1. Bundan sonra isə 19 matçda “qırmızı-qaralar” 2-dən artıq qol vura bilmirdi. Komandanın öz meydanında məhsuldarlıq göstərməsi isə ötən il avqustun 26-da qeydə alınıb. Həmin vaxt “Sumqayıt” 4:1 hesabı ilə məğlub edilib. Bundan sonra 15 matç idi ki, azarkeşlər 2-dən artıq qolun sevincini yaşamırdı.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43