Dünya futbolu

“Yuventus”a nə etmək istədiklərinə qərar versinlər” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Empoli” məğlubiyyəti (1:4) sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandanın 10 xalının silinməsinə qəzəblənib. O, belə bir qərarın oyun öncəsi verilməsini yanlış adlandırıb:

“Məğlubiyyətə bəhanə axtara bilmərik. Biz “Yuventus”uq və qalib gəlməliyik. Mübarizə aparmağa öyrəşməliyik. Təbii ki, oyunun başlamasına 10 dəqiqə qalmış belə qərarın verilməsi qəribədir. Amma bu, bizim psixoloji çöküşümüzə haqq qazandırmır.

İndi biz ancaq susub məğlubiyyəti qəbul etməliyik. Matçdan əvvəl 69 xalımız var idi, ikinci idik, bu hamıya aydın olmalıdır.

Hətta 10 xalı çıxsaq belə, bugünkü qalib gəlsəydik Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmağa şansımız var idi. Təəssüf ki, işlər başqa cür oldu.

Mən oyunçuları qınaya bilmərəm, sizi inandırım, vəziyyət asan deyil. Növbəti günlər də çətin olacaq, çünki biz Avropa Liqası ilə vidalaşdıq, sonra 10 xalımız silindi. Bu, bəhanə deyil, amma şübhəsiz ki, bizim üçün anormal bir mövsüm oldu və komanda bu prosesdə 69 xal qazandı.

Bu dəqiqə “Yuventus”u tərk etməyim qorxaqlıq olardı. Bu axşam məyus oldum, amma komandanı heç nəyə görə günahlandıra bilmərəm, çünki şərait daim dəyişir.

Bir şeyi qeyd etmək istəyirəm: “Yuventus” turnir cədvəlində ikinci yerdədir, biz meydanda buna layiqik. İstənilən nəticəni qəbul edəcəyik, amma ümid edirəm ki, hər şey birdəfəlik həll olunacaq.

Davamlı olaraq yeni məlumat almaqdansa, “Yuventus”a nə etmək istədiklərinə qərar versinlər, bizə desinlər və məsələ bağlansın”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43