27 Dekabr 2024
Ölkə futbolu

18 oyunluq qələbəsizlik seriyası qırıldı

"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində AZAL komandasını qəbul etdi. İdmanxeber.com-un məlumatına görə, "Bayıl Arena”da rəqibini 1 qolla üstələyən "aslanlar” uğursuz seriyaları qırdı.

Belə ki, komanda düz 6 ay, başqa sözlə 180 gün davam edən qələbəsizlik seriyasını qırdı. Buna qədər "Rəvan" sonuncu dəfə Premyer Liqanın 5-ci turunda səfərdə "Sumqayıt”ı məğlub etmişdi. Ötən il avqustun 31-də Sumqayıtda baş tutan görüş də 1:0 hesablı qələbə ilə yekunlaşmışdı. Turlar üzrə nəzər saldıqda isə 18 matçlıq qələbəsizlik seriyası qırıldı.

Güvənc Kurtarın rəhbərliyi altında 6-cı sınaqda ilk qələbəsinə sevinən "Rəvan”ın cari mövsüm ilk dəfə ardıcıl 2 oyunda qol buraxmadığını da bildirək. Cari mövsüm "Bayıl Arena”da ilk dəfə 3 xala sevinən "aslanlar” Premyer Liqa çərçivəsində Rəhim Həsənovun idarəçiliyi ilə keçirilən 8-ci görüşdə 2-ci qələbəsini qazandı. Həsənovun fit çaldığı əvvəlki 7 matçdan yalnız birində – 24.09.2012-ci il tarixində Qəbələdə eyniadlı komandaya qarşı baş tutan görüşdə "Rəvan" 3 xala sevinmişdi – 3:1.

Komandanın yeganə qolunun müəllifi olan Miloş Adamoviç isə cari mövsüm vurduğu qolların sayını 3-ə çatdırdı. Daha öncə "İnter” və "Sumqayıt”ı məyus edən serb yarımmüdafiəçi bu göstərici ilə cari mövsüm üçün komandasının ən çox qol vuran futbolçusuna çevrildi. O, hesabında 2 qol olan və artıq komandadan ayrılan Sebastyan Kastro-Telyonu üstələdi. (klub saytı)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43