Bu gün Premyer Liqanın sonuncu- 36-cı turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq “Neftçi” Zaqatala klubunun azarkeşlərinin onlara qarşı edə biləcəkləri hər hansı bir təxribatdan qorxur.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klubun vitse-prezidenti Tahir Süleymanov “Simurq”la oyundan öncəki son məşqi izləməyə gələn Zaqatala komandasının fan-klubunun rəhbəri İnqilab Soltanova və yerli azarkeşlərə üzünü tutaraq– “Bizim “Simurq”a böyük hörmətimiz var. Biz bu klubdan çəkinirik, kaş son oyunumuz Zaqatalaya təsadüf etməyəydi. Xahiş edirəm ki, hər hansı bir təxribata yola verməyəsiz. Onsuz da bürünc medal bizə lazım deyil. Bizə kubok lazımdı. Bizi burdan gözəl yola salın, onsuz da ikinci komanda ilə gəlmişik”.