Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.
İdmanxeber.com-un Azərtac-a istinadən yaydığı xəbərə görə, Ttdbir çərçivəsində qonaqlar “Baku-2015”ə həsr olunan bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. “Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək.
Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaqlar.
Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə indiyədək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd edilən tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları, eləcə də Azərbaycanın bu yarışlara hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək, mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi təbliğ etməkdir.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.