22 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” dörd mərhələni geridə qoyub, problem olmaz”

Bugünlərdə UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klublarının mətbuat xidmətlərinin rəhbərləri üçün forum keçirib. Forumda Azərbaycanı “Qəbələ” və “Qarabağ” klubları təmsil edib.

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev səfər təəssüratlarını bölüşüb.


– UEFA tərəfindən təşkil olunan sözügedən tədbir artıq 4-cü dəfədi keçirilirdi. Foruma Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandaların mətbuat katibləri dəvət almışdı. Bir neçə klub xaric bütün klubların nümayəndələri konfransda yer almışdı. Gediş-gəliş və otel xərcləri UEFA tərəfindən ödənmişdi. Konfransın məqsədi iki mühim yarışda iştirak edən komandaların mətbuat xidməti rəhbərlərini bir araya gətirmək, UEFA və klubların bir-birinə yaxınlaşmasını, daha səmərəli fəaliyyət göstərməsini təmin etmək, onları son yeniliklərlə tanış etmək idi.

Bundan əlavə oyundan bir gün öncə və oyun günü klubun mətbuat xidmətlərinin üzərinə düşən iş, oyunöncəsi və oyunsonrası müsahibələrin təşkili, yayım hüquqa malik televiziyaların UEFA-nın qaydaları çərçivəsində istəklərinin təmin olunması kimi məsələlər də müzakirə olundu. UEFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pedro Pinto çıxış edərək futbol qurumunda son illərdə reallaşdırılan layihələr barədə məlumat verdi. Müxtəlif ölkələrdə aşağı yaş qrupları və qadın futbolunun inkşafı üçün təşkil olunan proqramlar və statistik rəqəmlər barədə qısa videoçarx konfrans iştirakçılarına təqdim edildi. Tədbirdə müxtəlif klubların media nümayəndələri ilə fikir mübadiləsi etmək imkanımız da oldu. Bir də informasiya və komunikasiya texnologiyaları departamentinin rəhbəri Daniel Marion, “Avropa futbolunda texniki inkişaf” mövzusunda çıxış etdi. 

– Avroliqanın qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan “Borussiya”, “Krasnodar” və PAOK-un nümayəndələri ilə söhbətiniz oldu?

– Təbii ki, qrupumuzdaki komandalarin mətbuat katibləri ilə söhbətləşdik. Qarşıdakı oyunlarla bağlı fikir mübadiləsi apardıq.

– Bu gün ən çox muzakirə olunan məsələlərdən biri də “Borussiya”nın hücumçusu Henrik Mxitaryanın Bakıya səfəridi. Bununla bağlı Dortmund klubunun nümayəndəsi ilə bu haqda hansısa müzakirə aparıldı?

– Xeyr, bu barədə danışmadıq.

– Forumda digər türk klubları – “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Astana”nın nümayəndələri ilə də görüşünüz oldu…

– Onlarla da görüşdük. Müəyyən məsələlər barədə fikir mübadiləsi apardıq. Eləcə də oyunlarda media ilə bağlı yardımlaşma imkanlarımızı müzakirə etdik.

– Söyləmək olar ki, bu forum sizə qrup mərhələsinin oyunlarında çox faydalı olacaq?

– Təbii ki. Bu, ölkəmizin təmsil olunduğu ilk forum idi. Halbuki buna qədər keçirilən forumlarda təmsil olunmamışdıq. Bu da bizim üçün böyük təcrübə oldu.

– İlk dəfə “Neftçi” qrup mərhələsinə vəsiqə qazananda AFFA-nın köməyindən faydalandı. “Qarabağ” isə bütün işləri özü gördü. Bu baxımdan “Qəbələ” hansı addımı atacaq?

– Artıq dörd mərhələni geridə qoymuşuq və oyunlarda media işlərinin təşkili ilə bağlı müəyyən təcrübəmiz var. Təbii ki, qrup mərhələsinin tələbləri daha ciddidir. Amma hansısa problemlər yaşayacağımıza inanmıram. İştirak etdiyimiz forum da bu sahədə təcrübəmizin artmasına səbəb oldu. Üstəgəl “Qarabağ”ın mətbuat xidməti ilə də təcrübə mübadiləsi edirik.


Mənbə: Futbolxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43