Belçikadakı məğlubiyyətdən sonra Canni De Byazi ilə yolların ayrılacağını təxmin etmək çətin deyildi. Hətta italiyalı də bunun fərqində idi ki, mətbuat konfransında ürəyini boşaltdı. Aləmində küçə uşaqlarının “jarqon” təmsili üslubu ilə “sözümü dedim” havasına qapıldı. Nəhayət, dünən məsələ rəsmiləşdi, gözlənilən oldu. Canni De Byazi artıq millinin baş məşqçisi deyil.
İtaliyalının geridə nə buraxdığını bilmirəm. Qarşısına hansı hədəf qoyulduğu isə bəlli idi. Ümid istəyirdik. Onsuzda bu qrupdan çıxacaq gücümüz yox idi. Yenə də işinin başında qala bilərdi. Amma italiyalının üslubu hər şeyi məhv etdi. Reallığın fərqində olsaq da, romantikaya qapılıb “daha yaxşı ola bilərdi” ilə hücuma keçdik. Bir müddət sonra isə nəticəsizliyi bir kənara atıb De Byazini göndərməyi prinsipə çevirdik. Haqsız da deyildik. Çünki hər oyundan sonra təcrübəli çalışdırıcı aləmi bir-birinə qatırdı. Hətta bəzən tamamən əlaqəsiz bir durumda belə dava salırdı. Bəzən bu adamın normal olmadığını düşünmüşəm. Bizmi dəli etdik, yoxsa özümü beləydi, Allah bilir. Hər halda, getdi və qayıtmayacaq. İş isə indi başlayır. Milli kimə həvalə ediləcək?
Ümumiyyətlə, yığmaya baş məşqçi axtarmaqdan qabaq tapmalı olduğumuz əsas bir sual daha varmış: milli kimin əlindədir? Və bu adamların hədəfi, məqsədi nədir? Və ya ümumiyyətlə, belə bir adamlar varmı? Bəlkə də elə illərdir özümüz qara qüvvələr yaradıb, xəyalı müharibə aparıb, saxta qəhrəmanlar çıxarırıq? Bilmirəm. Amma ölkə futbolundakı israrla yaradılan “mafiya” havası adamı yorur. Eyni isimlərin hər dəfə gündəmə gəlməsi, vəzifədən getsələr də onların hələ “içərdə” qalması söhbətləri bezdiricidi. Yəni bizim cəmiyyət ən dərin məsələlərə belə çox baş sındıran, analiz edən bir toplum deyil. Maksimum “Amerikanın oyunudur” deyib ötən adamlarıq. Amma mövzü futbol olanda durum dəyişir. Bir qisim “bilmədiyiniz şeylər var”, digəri “çox şeyi danışmaq olmur”, başqa bir qrup “elə şeylər danışarım ki…” havasında yaşayır. Ortada isə nə bilən, nə danışan var. Nə mövzü bilinir, nə niyyət bəllidir, nə də nəticə…
İndi də oturub Azərbaycan milli komandasına yerli mütəxəssis niyə gətirilmədiyini müzakirə etməliyik. Biz öz aləmimizdə bu məsələni də həll etmişik. Hamılıqla fikirləşirik ki, bəs, xarici məşqçiyə çox maaş yazıb, az verirlər, qalanını da özlərinə götürürlər. Yerli çalışdırıcı da bu səbəbdən gətirilmir ki, guya bunu özümüzünkülərlə edə bilmirlər. Niyə? Bizimkilərin içərisində buna razı olanlar yoxdur? Olmamış olmaz.
Qısacası, Azərbaycan futbolu daxilində olan söz-söhbətlər kifayət qədər yorucudu və şablondur. Açığı, uzun-uzadı analiz etməyə həvəs də qalmayıb. Bizdə də bu sahənin Amerikası Elxan Məmmədovdur. Salamatı “onun işləridir” deyib başını buraxaq.
Həsən Quluzadə