Kateqoriyasız

Ansi Aqolli Qarabağı Kosovaya bənzətdi: “Mənim oynadığım klub da həmin ərazini təmsil edir”

“Mənə dedilər ki, bir çox insan oyuna barlarda baxıb və bizə azarkeşlik edib. Məlumdur ki, Azərbaycan və Ermənistan 1991-ci ildən münaqişə vəziyyətindədir. Bu, ermənilərin Azərbaycan ərazisinə soxulmasından sonra baş verib. Mənim oynadığım klub da həmin ərazini təmsil edir. O ərazidən 1 milyon insan qovularaq, Bakı və digər şəhərlərdə məskunlaşıb. Əslində bu, ermənilər tərəfindən törədilmiş bir genosiddir və böyük münaqişədir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində “Avro-2016″nın seçmə mərhələsində Ermənistan üzərində qazandıqları qələbə (2:1) haqda danışarkən deyib.

Ağdam klubunun əsas üzvlərindən sayılan sol cinah müdafiəçisi Ermənistan üzərində qazandıqları qələbə qarşılığında “Qarabağ”dan aldığı mükafata da toxunub: “Mən və albaniyalı komanda yoldaşım Admir Teli “Qarabağ”da özümüzü evdəki kimi hiss etmişik. Onlar bizə öz övladları kimi qayğı göstərirlər. Ona görə də bu insanlara o qədər borcluyuq. İki il öncə Tiranada yoldaşlıq görüşündə Ermənistanı 2:0 hesabı ilə məğlub edərkən, Teli ilə birgə öz məşqçimizdən mükafat almışdıq. Bu dəfə də qələbə qazanacağımıza söz verdik. Çünki Qurban Qurbanov bu klubda olduğum 5 il ərzində mənim üçün peşəkar səviyyədə yetişməyimdən ötrü çalışıb.

Ermənistan üzərində son qələbəmizdən sonra da çox yaxşı hədiyyə aldıq. Bu, bizə necə dəyər verildiyini göstərir. Mən isə qələbəmizi Bakıda və ondan kənarda yaşayan 1 milyon qaçqınla paylaşmaq istərdim. Onların taleyi müharibə vaxtı kosovolu albanlara oxşayır. Ümidvaram ki, gözəl günlərin birində mən öz ölkəmə qayıdacağam və klubum da öz əcdadlarının uyuduğu doğma şəhərinə qayıdacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43