Kateqoriyasız

“Axırıncı dəfə hansı gəncəli əsas millidə oynayıb?” – Tərlan Əhmədov

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Kəpəz” öz meydanında “Sabah”la qarşılaşıb və heç-heçə edib – 2:2.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

– Çətin və maraqlı oyun alındı. Məğlubiyyətlərdən sonra komandanı toparlamaq çətin idi. Taktikanı bir az dəyişmişdik. Bu gün yaxşı mübarizə apardıq. Rəqibi əks-hücumlarda tutaraq, qollar vurduq. Qışa qədər nə qədər bacarırıq, xal yığmağa çalışırıq. Qışdan sonra isə gətirdiyimiz oyunçularla komanda formalaşdıracağıq. Bu heç-heçə ədalətli oldu. Azarkeşlərimizin sevinci bizim üçün hər şeydir.

– Abdullahi Şuaybunu “oğurlamaq” istəyənlər var?
– Bayaq qulağıma çatdı ki, onunla maraqlanıblar. Bura gələndən nizam-intizama üstünlük veririk. Hərdən hansısa futoblçu olmayanda oyun planında çətinlik çəkirik. Şuaybu zədədən sonra geriləmişdi. Amma bu gün aqressiyası Azərbaycanda bir nömrədir. Qol da vurur, rəqibi təzyiqdə saxlayır. Gəncdir, 20 yaşlı futbolçunu “oğurlamaq” istəyənlər olacaq. Xəbər çatıb ki, onunla maraqlanan var.

– Əfran İsmayılovla aranızda nə baş verib?
– Arada heç bir münaqişə yoxdur. Söz azadlığı var, kim nə istəsə danışa bilər. Mən də buradayam. İşim meydançadadır.

– Rauf Əliyev, Elvin Yunuszadə, Əfran İsmayılov, Əli Səmədov kimi təcrübəliləri əsas komandadan uzaqlaşdırmısız. Bu, öz yerinizi möhkəmləndirməklə bağlıdır, yoxsa arxasında başqa səbəb dayanır?
– Arxasında heç nə dayanmır. Gəncə Azərbaycan futbolunun beşiyidir. Axırıncı dəfə hansı gəncəli əsas millidə, neçə il əvvəl oynayıb? Mahmud Qurbanovdan sonra kimsə olub? O da 10-12 ildir, futbolçu karyerasını bitirib. Komandada cavanlaşdırma siyasəti aparıram. Bacardığımız qədər gəncəli gəncləri komandaya cəlb etməyə çalışırıq. Bütün fikrimiz gənc nəsillə bağlıdır. Azərbaycanda yetərincə yaxşı cavan oyunçular var. Əsasən də U-21 millisinə namizədləri cəlb etməyə çalışırıq. Digərlərinin yolu açıq olsun. Gəncə futboluna, Azərbaycan futboluna yeni nəsil gəlməlidir. Kim nə istəyir, deyir, Allahı bilsin, özü bilsin. Mən gəldiyim gündən məqsəd qoyulub ki, komanda Premyer Liqada qalsın. İdarə Heyətinin sədri İlqar Nadiriyə demişəm ki, bacardığm qədər xal toplayacam. Fikrimcə, 16-17 xal toplamalıydıq. Bəzi səbəblərə görə doğrulmadı. Komandam oynamağa başlayır. Qışda əcnəbilər cəlb olunacaq. Gedənlərin siyahısı bilinir. Rəhbərliyə bildirilib. Heç kimlə qərəzim yoxdur. Rəhbərliyə də demişəm ki, gəncləşmə siyasəti getməlidir ki, güclü rəqiblərlə mübarizə aparaq. Mənə qədər oyunçular cəlb edilib və komanda hansı vəziyyətdə olub, hamı bilir. Kim nə istəyir, yazır, deyir. Buyursunlar.

– O futbolçular mövsümdən əvvəl komandaya cəlb olunub. Həm əvvəlki baş məşqçi, həm də klub rəhbərliyinə qaşrı mübarizə aparırsız? Bundan qorxmursuz?
– Heç bir qorxu yoxdur. Yaşar Vahabzadə böyük qardaşımızdır. Bir yerdə futbol oynamışıq. Məşqçilik elədir ki uğur olub-olmayacağını bilmirsən. O vaxt lazım olub, götürülüb. Mən də düşünürəm ki, daha uğurlu olmaq üçün bəzi oyunçularla yollar ayrılmalıdır. Əsas məsələ baş məşqçi və idarə heyəti yox, Gəncə futbolunun düzəlməsidir. By gün təməli düzgün qurmaq istəyirik, amm zərbələr olur. Deməli, hamımız yalandan istəmişik ki, bölgədə futbol olsun. Hər yerdə yeni baş məşqçi dəyişikliklər edir. Amma heç bir klubda bu qədər söz söhbət olmur. Rəhbərlik də mənim arxamdadır. Gəncə futbolu inkişaf etməlidir.

– Rəhbərliyin arxanızda olduğunu deyirsiz, amma komandadan uzaqlaşdırdıqlarınız hələ də göndərilməyib…
– Bu, mənim işim deyil. Rəhbərliyin işlidir. Necə edəcəklərini onlar bilir. Dünyanın bir nömrəli futbolçusu “Mançester Yunayted”dən qovulirsa, biz niyə inkişafımız üçün nəyisə ləngidək? Futbolun tələbi budur. Getməyəcəklərsə hansı mövqelərə oyunçu lazımdır, onlar cəlb olunmalıdır. İlqar Nadiri ilə danışdıq, müzakirələrimiz oldu. Dedik ki, artıq komandanı gücləndirməliyik. Vaxtımız da azdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43