Ölkə futbolu

İştah güc gələndə…

Tovuzda bir qrup adam Ayxan Abbasovu sevmir. Bu, hələ ötən mövsümdən məşqçinin özü də daxil hamının qəbul elədiyi reallıqdır.

Hər kəsin özünə görə haqlı səbəbləri, etiraz haqqı var. Olsun. Etirazı olanlara etirazımız yoxdur.

Kiminsə ağzına qapaq vurası deyilik. Amma ağız bağlamasaq da, müşahidəyə məhdud gözləri aça bilərik. Görmək istəyənə nişanələr buradadır.

Nədir dərdləri? “Turan”ın adı var!” deyirlər. Düzdür, təxminən iki-üç il öncə komandanın sadəcə adı var idi. Çox şükür, indi artıq özü də var!

“Turan”a Premyer Liqa yaraşar” deyirdilər. Buyurun, Tovuz klubu elitadadır!

Sonra?

Çempionluq, avrokuboklara vəsiqə istəyirsiniz? İstəyin! Amma unutmayın ki, iddialı olmaq başqa, iştahlı olmaq başqa.

Klubun rəhbəri Ehtiram Quliyevə sayqıda qüsur etməyib, onun güvəndiyi, komandanı etibar etdiyi adama niyə belə davranırsınız? Əminəm ki, Ehtiram bəyin klubu necə sevdiyindən şübhəniz yoxdur. Adam bütün imkanları ilə ölkə futboluna, eləcə də “Turan Tovuz”a xidmət etmək istəyir. Ayxan Abbasovdan da razıdır. Özü dəfələrlə bunu dilə gətirib.

Hələ mövsümün əvvəlində klubun hədəfinin Premyer Liqada qalmaq olduğunu açıqladı. Bu gün isə Tovuz təmsilçisi avrokubok şansını son turlarda əlindən qaçırır. Özü də bu mövqe üçün mübarizə aparan bütün rəqiblərdən daha aşağı büdcə ilə. Bu nəticə deyil?

Necə olur ki, “Kəpəz”i Premyer Liqada saxlayan Tərlan Əhmədov qəhrəman, eyni missiyanı həyata keçirən Adil Şükürov Gəncədə “gladiator” olur, Abbasov Tovuzda “düşmən”?

İki dəfə Avropa Liqası qrup mərhələsinə vəsiqə qazanan, möhtəşəm şəraiti olan “Qəbələ”ni sonuncu yerdə təhvil verən Elmar Baxşıyevin bölgədə necə sevildiyindən, hörmət gördüyündən xəbəriniz var?

Elə bilirsiniz ki, I Liqadan Premyer Liqaya gəlib burada möhkəmlənmək, stabil çıxış etmək asandır? Elitaya gəldiyi ikinci ilində avrokubok zonasında mübarizə aparmaq nəticənin ənkə-böyüyüdür!

Kim təxribatçıdır, kim qərəzlidir bilmirəm. Etiraz edənləri heç bir dəlil, sübut olmadan ittiham etmək doğru deyil. Amma durumdan səmimi narazı olanlara yalnış düşündüklərini, bəlkə də bilmədən böyük səhv etdiklərini yüz faiz deyə bilərəm. Balaca rayonun böyük işlər görən rəhbərliyinə və onlarla bərabər eyni yolda olan məşqçilər heyətinə haqsızlıq edilir.

“Turan Tovuz”da yaxşı işlərin yalnız meydandan kənar olduğunu iddia edənlər ya qərəzlidir, ya da cahildir. Tarix boyu ikincilər birincilərdən daha təhlükəli olub!

Klubun azarkeşlərə yanaşması isə ayrı bir yazının mövzusudur. Və mütləq olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43