21 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanın 4 güləşçisi İtaliyada çempion oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

İdmanxeber.az xəbər verir ki, ilk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.

B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib – 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.

Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.

63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib – 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib – 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb – 4:2

Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib – 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib – 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.

İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub – 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb – 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib – 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.

97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib – 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.

Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb – 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb – 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib – 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabıyla məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub – 0:4.

Beləliklə, yunan-Roma güləşçilərimiz ilk yarış günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43