27 Dekabr 2024
İdman

“Bakı 2015″in qızıl medalçısı: Futbolçu olsaydım, Azərbaycanda qalmazdım – MÜSAHİBƏ

“Bakı-2015” I Avropa Oyunlarının karate yarışında 84 kq çəki dərəcəsində qızıl medal qazanmış Ayxan Mamayevin müsahibəsi

– Hər kəs Ayxan Mamayevi “Bakı-2015″in qızıl medalçısı kimi tanıyır. Özün-özünü necə təqdim edərdin?

– İlk dəfədir ki, mənə belə bir sual verilir. Sadəcə, onu deyə bilərəm ki, ancaq idmanla məşğul olan, axşamlar dostları ilə görüşən biriyəm. Bakı Dövlət Universitetini (BDU) bitirmişəm. Ümumilikdə isə həyatım idmandan ibarətdir və səhər, günorta, axşam məşq edirəm.

– Karate elə idman növüdür ki, qalib olmaq üçün belə desək, rəqibini döyməlisən. Bu xüsusiyyət idmandan kənar həyatına təsir edir?

– Xeyr, ümumiyyətlə səbrli insanam və çalışıram ki, pis şeylərdən uzaq olum. Dava ilə aram yoxdur, çalışıram ki, yaxşı mənada hamısını yola verim. Çünki yalnız karyeramı fikirləşirəm. Bu, o demək deyil ki, nədənsə qorxuram və ya çəkinirəm. Sadəcə, problemlərdən uzaq olmağa çalışıram.

– “Bakı-2015″də çempion oldun, amma gözündən zədə aldın. İndi vəziyyətin necədir?

– İkinci döyüşdə ağır zədə aldım, almacıq sümüyüm sındı. Ancaq bunu hakimlərə bildirmədim. Çünki onlar bunu bilsəydi, məni yarışdan kənarlaşdıracaqdılar. İrəlidə 3 döyüşüm olmasına baxmayaraq, ağrılara dözərək mübarizə apardım və qızıl medal qazandım. Əsas istəkdir, idmanda hər bir çətinlik ola bilər. Məndən başqa boksçumuz

Məhəmmədrəsul Məcidov da zədə aldı. Lakin onun zədəsindən hakimlər xəbər tutdu və Məhəmmədrəsulu yarışdan kənarlaşdırdılar. Bu yarış bizim üçün çox önəmli idi.

– İstər çətin, istər asan: Ən yadda qalan döyüşün hansı oldu?

– Bu yarışa hər çəki dərəcəsində idmançılar qatılmışdı. Ancaq lisenziya qazananlar iştirak edirdi. Türkiyədə keçirilmiş Avropa çempionatında bu lisenziyanı qazanmışdım. Həmin turnirdə gümüş medal qazandım, çünki hakimin qərarı ilə heç nədən italyan döyüşçü Nello Maestriyə uduzdum.

Ancaq həmin Maestri “Bakı 2015″də qrupdan çıxa bilmədi. Özüm formada olduğumu bilirdim. Ən çətin qrup mən olduğum idi. 4 rəqibdən 3-nün dünya və Avropa çempionu titulu vardı. Əzəli rəqiblərimdən biri mənimlə eyni qrupda olan fransalı Kenji Qriyyon idi. Ona 3 dəfə məğlub olmuşdum, amma Bakıda 6:1 hesabı ilə qalib gəldim.

– Döyüşdən sonra revanş aldığını demişdin…

– Bəli (gülür). Sonra yunan idmançı Mixail Georgios Tzanosu qeyd edərdim. Öz çəkimdə ən çox döyüşdüyüm idmançı idi. İlk və son döyüşüm həmin idmançı ilə oldu. Hər iki döyüş heç-heçə ilə başa çatdı. Ancaq finalda hakimin qərarı ilə üstünlük mənə verildi.

– I Avropa Oyunları sənə qızıl medaldan əlavə nə qazandırdı?

– Bu qızıl medal çox şeyi dəyişdi. Əsas qazandığım öz Vətənimdə bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək oldu. Həm də medal kolleksiyamda qızıl medalın sayı artdı. Bu, bir tarix idi və mən də onun bir parçası oldum. Üstəlik, mən 5-ci qızıl medal qazanan idmançı oldum və 5 də gözəl rəqəmdir.

– “Bakı 2015″də qızıl, Avropa çempionatında gümüş (Türkiyə – 2015), İslam Həmrəyliyi Oyunlarında qızıl (İndoneziya – 2013), dünya çempionatında bürünc (Paris – 2012), 21 yaşadək karateçilər arasında dünya çempionatında (Malayziya – 2011) qızıl medala sahib olmusan. 23 yaşlı idmançı üçün bu qədər medal nə qədər önəmlidir?

-Anam həmişə deyir ki, ağac bar verdikcə başını aşağı əyər. Nə qədər medalım olsa da, mən dəyişməmişəm və istəmişəm ki, onların sayı artsın. Hələ 23 yaşım var, döyüşəcəyəm və yenidən bu hissləri yaşamaq istəyirəm. Gələn il dünya və Avropa çempionatı, 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. İslam Oyunlarında qızıl medal qazanmışam və istəyirəm ki, həmin titulu özümdə saxlayım. Bir sözlə, hələ idmandayam və şəxsi həyatı deyil, yalnız karyeramı düşünürəm. Təbii ki, ömür boyu döyüşə bilmərəm. Nə vaxt hiss etsəm ki, getmir, onda dayanacağam.

– İdmana gəlişin heç də asan olmayıb. İki qardaş karateyə başlamısınız, amma yalnız sən yoluna davam etmisən…

– İlk dəfə qardaşım karateyə gedib. Mən də valideynlərimlə gedəndə kənarda müxtəlif hərəkətlər edirdim. İdmançı çox vaxt kasıb ailədən çıxır və mən də elə olmuşam. İkimizin də məşq pulunu verməyə imkan olmayıb. Şəxsi müəllimim Şahin Xudaverdiyev bizdən pul istəmədi, ona minnətdarlığımı bildirirəm. Ondan sonra məşqlərə başladım. 1998-ci ildə idmana gəldim və 10 il sonra Azərbaycan çempionu oldum. Bundan sonra peşəkar karyera başladı. Sonra digər yarışlarda iştirak etdim. Qardaşım müəyyən problemlər səbəbindən idmanı dayandırdı və oxumağı seçdi. Mən də məktəbdə əlaçı olmuşam, amma universitetə daxil olduqdan sonra idmanı seçmişəm. Fikrimcə, doğru seçim etmişəm.

Çünki Azərbaycan bayrağını qaldırmaq, himni səsləndirmək hər kəsə nəsib olmur və bunu bütün idmançılara arzu edirəm.

– Adətən, idmançılar elmdən qaçır. Sən necə, idmançı olsan da, elmlə maraqlanırsan?

– Səmimi desəm, kitab oxumağı xoşlamıram və elmdən uzağam. Orta məktəbdə 9-cu sinfə qədər əlaçı olmuşam, amma 10-11-ci siniflərdə rübdə bir dördüm olub. Universitetə öz biliyimlə daxil olmuşam. Hazırlığa getməyə imkanımız olmayıb. BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsini bitirmişəm. Evdə anam məcbur etdiyi üçün oxumuşam. Özümə qaldıqda rahat həyatı sevirəm və idmandan həzz alıram. Mənə

qarşı haqsızlıqlar olub və istəmişəm idmandan gedim. Ancaq valideynlərim buna icazə verməyib. Buna görə onlara da təşəkkür edirəm. Həmişə mənə dəstək olublar. Onların qarşısında baş əyirəm.

– İdmandan getməyinə səbəb ola biləcəklər nə idi?

– Belə anlar çox olub. Elə vaxtımız olub ki, məşqə getməyə yol pulu tapa bilməmişəm. Qəpik-qəpik pul yığıb məşqə getmişəm. Hətta Novruz bayramında axşam tonqal yandırılanda mən məşqə gedirdim və yoldaşlar mənimlə zarafatlaşırdı ki, heç olmasa bayram günündə istirahət et. Çox şükür ki, bəhrəsini gördüm. Sponsorumuzun olmadığı günlər vardı. Medal qazanmışıq, amma uğur əldə etmək üçün stimul olmayıb. Pullu yarışlar axtarmışıq ki, gedib iştirak edək və qələbə qazanıb pul əldə edək. Artıq hər şey geridə qalıb və sadəcə, səbrli olmaq lazımdır.

– Futbola da böyük marağın olub. Hətta universitet vaxtı komanda kapitanı da olmusan…

– Həmişə futbolu sevmişəm. Futbol – idmanın şahıdır. Dünyanın hər yerində futbol var. Futbolçu olmaq istərdim, amma karate ilə məşğul olduğum üçün heç peşman deyiləm. İnanıram ki, hansı idman növü ilə məşğul olsaydım, orada sözümü deyə bilərdim. Çünki heç bir məşqimi yola verməmişəm, həmişə ciddi hazırlaşmışam.

– Azərbaycan futbolçuları xarici ölkələrdə çıxış etməyə ya hazır deyillər, ya da bunu istəmirlər. Sən də futbolçu olsaydın, belə edərdin?

– Hər bir idman növündə yüksəlmək qalxmaq olar (gülür). Ancaq mən futbolçu olsaydım, Azərbaycanda qalmazdım. Çünki futbol bizdə inkişaf etməyib və bunun səbəbini futbolçular daha yaxşı bilər. Keçən il dizimdən əməliyyat olundum və buna görə futbol oynamıram. İki dovşanın arxasınca eyni vaxtda qaçsan, heç birini tuta bilməzsən. Əlimdən gələni edəcəyəm ki, karatedə uğurumu artırım.

– Azarkeşi olduğun komanda və futbolçular hansılardır?

– Komandalardan “Yuventus” və “Barselona”ya azarkeşlik edirəm. Ən sevdiyim futbolçu Lionel Messidir. Doğrudan da Messi istedaddır. O cür istedad karatedə də var. Rafael Ağayev 4 qat dünya və 12 qat Avropa çempionu olub. Ümumdünya Karate Federasiyası ona “Karatenin Brilliantı” adını verib. Onunla məşq etmək fəxrdir. Onu da demişdilər ki, Rafael – “Karatenin Maradonası”dır. Mən onun kimi ola bilmərəm, çünki hər idmançı fərqlidir. Rafael – istedaddır və inanmıram ki, ondan bir də gəlsin. Mən də istərdim titullu idmançı olum. Hara gedirsən şəkil çəkdirirlər, imza istəyirlər. Bu da mənə çox xoşdur, ancaq belə şeylər məni dəyişə bilməz. Arada elə olur ki, yorğun olursan, ancaq heç kimin qəlbini qıra bilməzsən. Bu cür uğuru hər bir idmançıya arzu edirəm.

– Son sözün…

– Çox sağ olun ki, biz idmançıları dəvət edirsiniz, fəaliyyətlərimizi, uğurlarımızı işıqlandırırsınız. Demək istərdim ki, bu, tək mənim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Nə qədər ki, idmandayam, əlimdən gələni edəcəyəm ki, bayrağımızı yüksəldim və himnimizi səsləndirim. (report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43