İdman

Güləşçilərimiz 1 qızıl, 1 bürünc medalla qayıdır

Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.  Dağıstandakı yarışda iştirak edən Azərbaycan sərbəst güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıblar.

Qızıl medala 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov sahib çıxıb. Bütün rəqiblərindən üstün olan C.Əzimov həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib. Bürünc medalı isə Ağahüseyn Mustafayev (61 kq) əldə edib. 3-cü yer uğrunda həlledici görüşdə o, Rusiya təmsilçisi Rüstəm Abdurəşidovdan üstün olub. Digər pəhləvanlardan Ruslan Qasımov (57 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43