“İnter”in yarımmüdafiəçisi Abdulla Abatsiyevin idmanxeber.com saytına müsahibəsi.
– Yeni mövsümə uğursuz start vermisiz. İki oyunda, iki məğlubiyyət. Belə uğursuz startın səbəbi nədi?
Bir az çətin sualdı. Biz hər iki oyuna yaxşı başlamışdıq. Həır iki oyunda: həm “Qəbələ”, həm də “Qarabağ”la oyunlarda hesabı açan tərəf biz idik. Sonra bilmirəm nə baş verir. Ancaq qarşıdakı AZAL-la oyunda bütün gücümüzü ortaya qoyub, qələbə qazanmağa çalışacağıq.
– Bu il çempionatın gərgin keçəcəyi məlumdu. “İnter” sanki bu çempionata hazır deyil, siz futbolçular həvəssiz çıxış edirsiz…
Bəli, bu il çempionat daha gərgin keçəcək. “İnter” çempionata hazırdı. Sadəcə elə alındı ki, biz hər iki oyunda məğlub olduq.
– Avroliqada “Tromse” ilə oyunlardan sonra sanki “İnter” özünə gələ bilmir…
“Tromse”dən alınan məğlubiyyətin ilk iki turdakı yenilgimizlə heç bir aidiyyəti yoxdu.
– Bəs o zaman xal qazana bilməməyinizin səbəbi nədi?
Səhvlərimiz var. Baş məşqçimiz bizə həmin səhvləri başa salacaq və AZAL-la oyuna yaxşı formada gedəcəyik.
– “Qəbələ” məğlubiyyətinin ardından Sxadadze istefa verdi, ancaq rəhbərlik qəbul etmədi. Bu barədə nə deyərdin?
İstefa? Xəbərim olmayıb mənim. İlk dəfə sizdən eşidirəm. Çünki millinin düşərgəsində idim.
– III turda AZAL-la qarşılaşacaqsınız. “Təyyarəçilər”lə oyun sizin üçün elə də çətin olmur.
Mən yenə qedy edirəm ki, biz qələbə üçün əlimizdən gələni edəcəyik.
Səxavət QURBANOV