Premyer Liqa

“Böyük oyun”u kiçildənlər – YAZI

Dünyanın bir çox ölkəsində futbol çempionatı keçirilir. Hər çempionatda bir-iki oyun var ki, onlar xüsusilə fərqlənir. Çempionatın digər oyunlarına nisbətən daha çox azarkeş kütləsinə sahib olur. Daha çox maraq göstərilir həmin oyuna. Bu oyunlara belə maraq göstərilməsinin müxtəlif səbəbləri olar bilər. Varlı və kasıb, şəhərli və kəndçi və ya başqa səbəblər. Mütləq bu klubları bir-birinə barışmaz rəqib edən nüanslar var.  O oyunu həsrətlə gözləyirlər. Azərbaycan çempionatında da belə bir oyun var. Bu hər kəsin “Böyük oyun” adı verdiyi “Xəzər-Lənkaran” – “Neftçi” oyunudu. Deyə bilərsiz ki, bunu demək üçün bir saatdı “nıqqanırsan”? Bilirəm aranızda yetərincə futboldan başı çıxan insan var. Amma belə şeyləri bilməyib, gedib futboldan yazan yazarlar da var axı.

“Böyük oyun” keçirildiyi ilk gündən Azərbaycan çempionatındakı bütün oyunlardan fərqlənib. Ən çox azarkeş bu oyuna gəlir. Ən çox bu oyun danışılır. Jurnalistlər oyuna bir həftə qalmışdan yazılar yazmağa başlayır, bir həftə sonra güclə bitirir. Futbol adamları fikir bildirir. Klub rəsmiləri, məşqçilər, oyunçular bacardıqları qədər bir-birilərinə atmaca atırlar. AFFA İK-i belə ən çox cərimələri bu oyundan sonra verir. Meydanda oyunçular, meydandan kənarda isə azarkeşlər ən maksimum psixoloji gərginliyə çatırlar. Məhz buna görə “Böyük oyun”da qonaq klubun azarkeşlərinin girişi qadağan edildi. Buna baxmayaraq son oyunda 2 “Neftçi” azarkeşi Lənkarana gedib plakat açmışdı. Məhz bu komandalar arasındakı oyundan sonra 7 azarkeş həbs olunub və hələ də dəmir barmaqlıqlar arasındadılar. 

Hətta komandaların turnir cədvəlində qərarlaşdıqları yerlər belə bu oyuna kölgə sala bilmir. Yəni ajiotajına görə bir “El-Klassiko” və ya “Fənərbağça”-“Galatasaray” derbisindən fərqlənmir. Düzdü meydandakı oyun səviyyəsi onlara çata bilməz, amma Azərbaycan səviyyəsində də yetərincə maraqlı oyunlar olur.

Bu oyunda azarkeşlər bacardıqları qədər rəqibin oyunçularına təyziq göstərib öz oyunçularına kömək istəyirlər. “Neftçi” futbolçularının Salyan postunu keçəndən sonra, «Xəzər-Lənkaran” futbolçularının isə Qobustanı keçəndən sonra dizləri titrəməyə başlamalıdı. Belə şey olmasa belə içlərinə müəyyən qədər üşütmə düşməlidi ki, mən rəqib meydana gedirəm. Rəqib meydandakı azarkeş kütləsi rəqib oyunçuya elə təsir göstərməlidi ki, oyunçunun daxilində daima “bunlar indi meydana girib bizi parçalayacaqlar” hissi olmalıdı. Heç kəs söhbəti bədəninin müəyyən hissəsi ilə başa düşüb, sən xuliqanlıq, ölüm, cinayət tərəfdarısan deməsin. Azarkeşlər bunu eləməməli, amma hər an eliyə biləcəkmiş hissi kimi rəqib oyunçulara yaşatmalıdılar. Bura qədər anlaşılmayan bir şey yoxdur yəqin ki? Keçək bu oyunun niyə belə olmasına.

 Bakıda bir çox klub olsa da heç biri azarkeş sayına və dəstəyinə görə “Neftçi”yə rəqib ola bilməyib və bilmir.  Cənub bölgəsinin isə bir komandası var. O da “Xəzər-Lənkaran”. Hər iki klub güclü maaliyyə dəstəyinə sahibdirlər. Hər iki klub bahalı transferlər reallaşdırırlar. Hər iki klubun güclü azarkeş dəstəyi var. “Xəzər-Lənkaran”ın Azərbaycanın hansı bölgəsində oynamasından asılı olmayaraq hər oyununa gedən, «Neftçi”nin isə -5 dərəcədə lüt soyunub klubunu dəstəkləyən azarkeşləri var. Yəni bu iki klub arasındakı oyunu “Böyük oyun” adlandırmağımız üçün yetərincə səbəb var.

Bunları niyəmi yazdım? “Yeni Müsavat” qəzetinin köşə yazarı Xalid Kazımlı oxuyub da maariflənsin deyə. Bu azarkeşlərin sevgisi klublarına duyduqları saf sevgidir.  Siz burada dövlət əleyhinə bir şey axtarmayın. Və demək olar hər yazısını oxuduğum köşə yazarına demək istəyirəm ki, ən yaxşısı siz belə işlərə başınızı yormayın. Yaxşısı gedib Milli Şura, Əli Kərimli əleyhinə yazılar yazsanız daha uğurlu alınar…

Rəşad Museyibzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43