Kateqoriyasız

“Bunu müzakirəyə çıxarmaq istəməzdim” – Elmar Baxşıyev

Misli Premyer Liqasının XI turunda “Qəbələ” öz meydanında “Kəpəz”lə matçda 2 xal itirib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Qəbələ”nin çalışdırıcısı 1:1-lik heç-heçə barədə bunları deyib:

“Ağır oyun oldu. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. “Kəpəz” son turda “Neftçi”yə qarşı da yaxşı oynamışdı. Ümumi götürdükdə, komanda istədiyimizdən aşağı çıxış elədi. Xüsusən də fasilədən sonra zəif təsir bağışladıq. Vacib xallar itirdik. Yenə də çalışacağıq ki, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq”.

– Komandada hər şey qaydasındadımı? Xüsusən də sanki braziliyalıların oyununda eniş hiss olunur.

– Qol çatışmır. Epizodlar yaxalasaq da, dəyərləndirə bilmirik. Bu da futbolçularda özünəinamı itirməyə səbəb olur. Daxili ab-hava qaydasındadı. Hücumçunu müdafiəçi oynadırıqsa, deməli, heyətlə bağlı sıxıntımız var. Məcburiyyətdən Rövlan Muradovu müdafiəçi kimi oynadırıq. Amma bunu da müzakirəyə çıxarmaq istəməzdim.

– Emin Səfərovun əvvəlki mövsümlə müqayisədə zəif çıxışını nə ilə əlaqələndirmək olar?

– Eminin enişi yox, mikro zədəsi var. Bu da ona 90 dəqiqə meydanda olmağa imkan vermir.

– Ardıcıl ikinci oyunda autsayderlə matçda xal itirdiz. Demək olar ki, fasilədən sonra şans verdiyiniz oyunçular, ehtiyat qüvvə ümidləri doğrultmur?

– Sonradan meydana daxil olan futbolçularımız da komandaya fayda vermək istəyirlər. Lakin hücumameyilli futbolçularımız daha da aqressiv olmalıdırlar. 1:0 hesabda öndə olarkən Omar Hani real qol epizodunu dəyərləndirsəydi, nəticə fərqli olardı. Sonluğu gətirə bilmirik.

– Ülvi İsgəndov ötən mövsümün sonradan meydana daxil olub, qollar vururdu…

– Tək Ülvini deməzdim. Heyətimizdə Santos, Utsiq, Maçado, Hani kimi futbolçular var, hansılar ki, cəmi 1 qol vurublar. Əsas onların üzərində dayanmaq lazımdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43