28 Dekabr 2024
Ölkə futbolu

Çempionlar Liqasında Xocalı soyqırımı anıldı – FOTOLAR

Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Traktorsazi” komandası ilə Ciddə şəhərinin “əl-İttihad” klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.

Bəzi azərbaycanlı azarkeşlər stadiona Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara sarğı ilə gəliblər, bəziləri isə “1992 faciəsi Xocalı” plakatını nümayiş etdiriblər.

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (EtTEAAT) əməkdaşları Xocalı soyqırımının ildönümünü anan həmin soydaşlarımıza qarşı zor tətbiq edib. Onların həbs edildiyi, döyüldüyü bildirilir və hazırda azərbaycanlı azarkeşlərin harada saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə, görüşdən əvvəl stadiona daxil olan hər bir azarkeş ciddi şəkildə yoxlanılıb, onları kameraları müsadirə edilib və özü ilə qırmızı parça gətirmiş soydaşlarımız həbslə hədələnib. Ancaq bununla belə, soydaşlarımız 90 dəqiqə boyunca “Yaşasın “Traktor”!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Traktor”u el istər, şərəfli millət istər!”, “Türklərin iftixarı “Traktor”!” şüarları ilə stadionu lərzəyə gətiriblər, qırmızı bayraqlar və plakatlar qaldırıblar. Eyni zamanda oyundan sonra azarkeşlər “Traktorsazi”nin qələbəsini qeyd etmək üçün maşınlar və bayraqlarla şəhərin küçə və meydanlarına axışıblar, onlar Azərbaycan musiqilərinin sədaları altında rəqs ediblər, müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb. Təbriz klubu fevralın 26-da saat 16:30-da “Səhənd” stadionunda Səudiyyə Ərəbistanının “əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart almaqla qırmızı vərəqə ilə cəzalandırılıb və matçdan kənarlaşdırılıb. Ancaq bununla belə, Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 minə yaxın azarkeş izləyib. Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin futbol komandalarıdır.(Araznews)




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43