Kateqoriyasız

“Dünya çempionatında sensasiyalı nəticələr çox olacaq” – “Şamaxı”nın futbolçusu

“Mən Portuqaliya millisinə azarkeşlik edirəm. Ona görə də onların çempion olmasını istərdim”.

Bu sözləri İdmanxeber.az sayıtna “Şamaxı”nın futbolçusu Adil Nağıyev ayın 20-də Qətərdə start götürəcək dünya çempionatı barədə danışarkən deyib. O, turnirdə bir neçə komandanın favorit olduğunu bildirib:

“Braziliya və Fransa komandaları çox güclüdürlər, turnirin qalibi ola bilərlər. Ancaq mənə elə gəlir ki, çempionatda sensasiyalı nəticələr çox olacaq”.

27 yaşlı futbolçu mundialda bir neçə oyunçunun önə çıxacağını da vurğulayıb: “Çox oyunçular olacaq ki, bu turnirdə parlayacaqlar. Dəfələrlə belə şeylərə şahidlik etmişik. Oyunçular olub ki, bir-iki qol vurmaqla böyük klublara transfer olublar. Ancaq mənə görə Kristiano Ronaldo yenə özünü fərqli tərəfdən göstərə biləcək. Hazırda klubu ilə problemlər yaşasa da, yenə də özünü kökləyə biləcəyini düşünürəm”.

Nağıyev Azərbaycan millisinin indiyə qədər belə turnirlərdən kənar qalmasına da toxunub. O, hazırda bunun xəyal olduğunu bildirib: “Biz hələ o səviyyədə deyilik. Futbolumuzda çox böyük dəyişiklik olsa, bəlkə də nə vaxtsa ola bilər. Ancaq bu, yaxın illərdə görünmür”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43