Kateqoriyasız

“Hansı məşqçi 17 dəqiqəlik plan qurur?” – Samir Abasov

Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) oyunundan sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə 3:3 hesablı bərabərliklə başa çatan görüş barədə fikirlərini bildirdi…

– Hələ də oyunun təsirindəyəm. Maraqlı oyun alındı. Düşünürəm ki, azarkeşlər də zövq aldı. Əsas özümüzə inanmağımız idi. Rəqibin səviyyəsini bilirdik, ruhumuzu, bacarığımızı meydanda qoymalıydıq. Məğlub olmaq fikri ilə çıxmamışdıq. Bir planımız var idi. Ola bilər ki, ilk yarı sönük keçdi. Rəqibin daha aktiv olacağını gözləyirdik. Amma ilk yarıda da qollar vura bilərdik. Sadəcə, son anlarda dəqiq ola bilmədik. Fasilədən sonra tam dəyişdik. Bu oyuna görə etməli olduğumuz şeylər alınmağa başladı. Təəssüf ki, hesabı qoruya bilmədik. Pozitivik, hər şey yaxşıdı. Futbolçularım bacardıqlarını etdilər. Oyuna görə onları təbrik etdim. İkinci oyunda sıfırdan başlayacağıq. İnamımızı qoruyub saxlayırıq. İndi əsas fikrimiz “Zirə” ilə çempionat oyununa yaxşı hazırlaşmaqdı.

– Rəqib baş məşqçi “Neftçi”nin qollarını vurduğu 17 dəqiqə ərzində möhtəşəm oynadığını söylədi. Bu oyunu 90 dəqiqəyə yaymaq üçün nə etmək lazımdı?
– Siz məndən yaxşı bilirsiz. Hansı məşqçi 17 dəqiqəlik plan qurur? Hansısa məqamlarda alına bilir, bəzən yox. Get-gedə bu müddəti artırmalıyıq. Bəlkə dediklərim anormal qələ bilər. İlk yarıda da onları edə bilərdik. Ancaq hardasa nəsə çatışmırdı, anlaşma olmurdu. Fasilədə çox böyük iş görmədik. Sadəcə, fikirləşdiklərimizlə bağlı keyfiyyəti artırmağı planlaşdırdıq. İkinci qol bir baş məşqçi kimi məni həddən artıq sevindirdi. Aylarla məşqlərdə etdiyimiz şeylərin belə bir oyunda bəhrəsini gördük. İnşallah, 17 dəqiqəni uzun müddət edə biləcəyik.

– “Neftçi”nin bu müdafiəçilərdən çəkdiyi nədi? İsmayıl Zülfüqarlı qırmızı vərəqə almasaydı, hər şey fərqli ola bilərdi…
– Bir çıxış yolu var, hücumçuları müdafiədə oynadacağıq (gülür). Bəzi epizodları qıraqdan baxanda şişirdirik. Bu gün komanda şəklində nəyi necə etməli olduğumuzu bilir və bunu reallaşdırırdıq. Rəqib həddən artıq təhlükəli komandadı, hətta müdafiəçiləri də hücumda aktiv olur. Sadəcə, fərdi səhvlər olurdu. 3-cü qol individual səhvdən vuruldu. İsmayıldan danışmaq istəmirəm. Gənc oyunçudu. İstəmədən belə alındı. Təcrübəsi olsaydı, topa baxa-baxa qaçmazdı. İsmayıl yaxşı təsir bağışladı. Gənclərimiz yaxşıdı, onlara şans verəcəyik. Oyunumuzda sevindirici məqamlar var. Rəqibdən asılı olmayaraq üstünlüyü ələ almağa çalışırıq. Bunu daha da artırmağa çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43