22 Dekabr 2024
Kateqoriyasız

“İlk rəsmi oyunumuzadək ideal formamızı bərpa etməyə çalışrıq”

“Vəziyyətimiz yaxşıdır, məşqlərimiz plana uyğun davam edir. Ciddi hazırlaşıb, ilk rəsmi oyunumuzadək ideal formamızı bərpa etməyə çalışrıq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Azər Salahlı klubun rəsmi televiziyasına Türkiyənin Bolu şəhərində davam edən təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

“Sakaryaspor”la 1:1 hesablı başa çatan yoxlama matçına toxunan 28 yaşlı müdafiəçi bildirib ki, bu cür oyunlarda nəticə elə də böyük önəm kəsb etmir: “Burada əsasən futbolçuların meydandakı hərəkətliliyi vacibdir. Məncə, pis alınmadı. İlk hissəni yaxşı keçirdik. Normal oyun alındı”.

Azərbaycan millisinin üzvü yeni transfer Solomon Kvirkveliyadan da söz açıb: “Onu salamlayıram, komandamıza xoş gəlib. Çox nikbin insandır. Futbolçu kimi isə karyerası göz qabağındadır. Gürcüstan millisinin üzvüdür. Əvvəl çıxış etdiyi klublar da onun necə səviyyədə olduğunu göstərir”.

Salahlı sonda “Neftçi” azarkeşlərinə səslənib: “Fanatlarımızı bizə dəstək olmağa çağırıram. Onsuz da hər zaman bizi dəstəkləyirlər. Ümid edirəm ki, “Aris”lə oyunda hər şey istədiyimiz kimi olar, qələbə qazanarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43