21 Noyabr 2024
Kateqoriyasız

Kosovoya ümidlə (YAZI)

Evdə Farer adalarını məğlub etməkdən başqa çarəmiz yox idi. Səfərdə məğlub etdiyimiz rəqibimizi doğma meydanda da udaraq ümidləri son oyuna daşımalıydıq. Və bunu da etdik, bacardıq. Səfərdəki Farer qələbəsi ilə dünənki qələbəni əsla müaqayisə etmərəm. Düzdür, hər iki oyunda da 3 xal qazanmışıq. Ancaq birində ümidsiz, gələcəyi güvən verməyən bir oyun idi. Qazansaq da, ürəyimizcə olmamışdı. Komandada gələcək adına heç bir işıq görünmür ab-havasına qapılmışdıq. Elə onun üçün də bu oyundan da ehtiyat edirdik. Ancaq hər şey yaxşı qurtardı. Qələbədən daha çox ortaya qoyulan oyunu dəyərləndirmək lazımdı.

Qrupdakı ən yaxşı oyunumuzu oynadıq desək yanılmarıq. Farer adaları bizə hər iki oyunda da məğlub olsa da, heç də zəif və gücsüz rəqib deyil. İlk görüşdə futbol şansları yanlarında olsaydı bəlkə də orada daha fərqli nəticə olardı. Amma bu oyun artıq tamam başqa cür keçdi. Elə ilk dəqiqələrdə oyuna  doğru yanaşmaq, irəlidə pressinqlə, istəkli başlamaq bu görüşdə istədiyimizə nail olmağa səbəb oldu. Bu cür oyunlarda erkən vurulan qol çox önəmli olur. Ən əsası bunu bacardıq. Malta ilə görüşdə də kifayət qədər epizodlar olmuşdu. Ancaq o oyundakı həyəcan, panika bu görüşdə yox idi. Dünən daha təmkinli, hücumu düşünən və müdafiədə səhvsiz bir milli komanda var idi. Komanda şəklində yaxşı mübarizə aprdığımız oyunda Təmkin Xəlilzadəni xüsusi ilə qeyd etmək də fayda var. Oyun boyu rəqibin cinahdan gələn hücumlarının qarşısını məharətlə ala bildi.  Tək-tək oyunçuların performasını dəyərləndirsək aşağı-yuxarı hamısına eyni qiyməti vermək olar. Lakin bir də Mahir Mədətov üçün bir iki cümlə yazmağa ehtiyac var.

Bu oyunçu bir oyuna görə tənqidə olub, təpki görməmişdi ki, bir qola görə də təriflənsin. Mahirin kifayət qədər aşağı səviyyəli çıxış etdiyi oyunlar var. Və haqqlı olaraq da azarkeş və mətbuat onu tənqid etmişdi. Üstəlik bir oyunçunu  nə vaxtsa tənqid etmək onun bir daha tərif olunmayacağı mənasına gəlmir. Vurduğu qola söz yoxdur, mükəmməl idi. Lakin bu oyunda belə  meydanda alışdığımız Mahir var idi. Yenə də müəyyən bölümlərdə oyunu ləngidirdi, yersiz top itkiləri edirdi. Lakin qələbə və vurduğu qol bu gün onun qəhrəman kimi göstərir. Bəlkə də buna haqqı var. Ancaq istənilən halda Mədətovda düzəlməli kifayət qədər cəhədlər var.

Qayıdaq qazanılan qələbəyə və növbəti lazım olan 3 xala. Qrupdan çıxa bilərik. Buna dünənki qələbədən sonra şans , oynanan oyundan isə ümid yarandı.  Təbii ki, bizi Kosovoda çox ciddi oyun gözləyir. Bu mövsüm Malta və Farer səfərlərini xatırlasaq Kosovoda heç bir şansımızın olmadığı görünür. Elə ona görə də xatırlamırıq. Bu oyundan sonra oraya fərqli şəkildə, başqa bir milli komanda kimi yollanmağı düşünürük. Və istənilən halda biz bu komandaya inanırıq, güvənirik. Sonuc nə olur olsun!

Həsən 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43