Ölkə futbolu

Mirabdulla Abbasov: “Kosovonu məğlub edə biləcək gücdəyik”

“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.

Bu sözləri yığmamızın üzvü Mirabdulla Abbasov Millətlər Liqasının qrup mərhələsinin V turunda evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Millidə debüt edən hücumçu Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb: “Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”.

– Bizim bacarmadığımız Maltaya bu gün Kosovo 5 qol vurdu. Son turda işimiz necə olacaq?
– Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədir ki, rəqibi məğlub edəcək.

– Debüt oyununu necə dəyərləndirirsən?
– Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.

– Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?
– Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.

– Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?
– Məşqçilərin fikridir. Baş məşqçilərin qərarına hörmətlə yanaşıram. Start heyətdə olsam və oyuna sonradan qoşulsam, əlimdən gələni edəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43