Artıq iki gündür dünya çempionatı başlayıb. 48 komandanın mübarizə apardığı turnirdə Azərbaycan yoxdur. Yaxın gələcəkdə olana da oxşamır. İllərin uğursuzluğunu üzərimizdən ata bilmirik.
Azərbaycan futbolu illərlə bacarıqsızların əlində qaldığı üçün bu gün böyük turnirlər bizə xəyal kimi görünür. 15-20 il ölkə futbolunu idarəedənlər bu sahəyə düşmən kəsildi. Heç bir iş görmədən, gələcəyi düşünmüdən ancaq vəzifə istədilər. Futbol sayəsində işləri, yaxşı maaşları, imkanları hər şeyləri oldu.
Elə ona görə də bu gün nəinki hansısa böyük turnirə qatılmaq, heç Malta, San Marino kimi komandalara qarşı belə ciddi fərq ortaya qoya bilmirik. Özümüzdən yuxarılar bir yana, özümüzdən maddi cəhətdən aşağıda olanlar belə yanımızdan sürətlə keçir. Və biz ancaq əsəblə, qayğı ilə onlara baxırıq. Eynən AFFA-nın baş katibi Cahangir Fərəcullayev kimi.
Federasiya rəsmininin millimizin Avstriya toplanışından bir videosu var. San Marino oyununu ayaq üstə, gərgin şəkildə izləyir. Üzündən narazı olduğu, daha doğrusu millinin istədiyi kimi olmadığı hiss olunur.
San Marino kimi aşağı səviyyəli komandaya qarşı belə oyunda rahat olmamaq çox ciddi siqnaldır. Baş katib bunun fərqindədir. Əslində ilk dəfə deyil ki, hansısa azərbaycanlı azarkeş millimizin görüşünü bu cür izləyir. Bu, həmişə belə olub.
Ancaq Fərəcullayev yalnız azarkeş deyil, həm də vəziyyəti düzəltməli olan şəxslərdəndi. İşi budur. O, yalnız necə olacağını düşünməməli, həm də bu sualın cavabını tapmalıdı. Açıqlamalarından, yanaşmasından axtarış içində olduğu görünür.
Kifayət qədər müəmmalı məsələnin həll yolu mütləq ki, var. Bu, yalnız səbrli olmaqla deyil, düzgün addımlarla həyata keçə bilər. Gözləməklə yox, hərəkətlə nəticəyə çata bilərik.
Sıfırdan başlamalıyıq ifadəsi həmin dönəm üçün hər nə qədər uğurlu yanaşma olsa da, sıfırdan irəliyə addımlamaq artıq zərurət yaradıb.
Həmin video:

