Ölkə futbolu

“Məqsədimiz Konfrans Liqasının qrup mərhələsinə düşməkdir” – Regekampf

Misli Premyer Liqasında XVIII turun “Neftçi” – “Şamaxı” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Yaxşı oyun oldu. 3 xal qazandıq. Bu qələbə bizim üçün çox vacib idi. “Zirə” ilə 130 dəqiqədən artıq davam edən matçdan sonra meydana çıxdıq. Bərpa üçün az vaxtımız var idi. Bu matç da erkən saatda başladı. Nəticəyə görə çox sevinirəm. Bütün futbolçularımız ən yaxşısını etməyə çalışdı. Onlar döyüşdülər və qələbə qazandılar.

– Komanda uğurlu qrafik yaxalayıb və qış fasiləsi yaranır. Bunun xeyrinizə olmadığını düşünmək olar?
– Xeyr. Ümid edirəm ki, bu, bizə pis təsir etməz. Bu cür oyunlardan sonra 10 gün fasilə hamımıza yaxşı təsir edəcək. Qayıdanda daha güclü olmalıyıq. İnanıram ki, fasilədən yararlanacağıq. Zədəlilərimizin qayıdacağına ümid edirəm. Təlim-məşq toplanışından sonra daha güclü olacağımıza inanıram. Bəzi açar oyunçularımız bizimlə məşq edə bilmir. Keyfiyyətin artacağına ümid edirəm.

– İsmayıl Zülfüqarlı və Ağadadaş Salyanski meydanda ən yaxşılar idi…
– Onlar komandamızın üzvləridir. Qol vurdular, amma bu, komandanın zəhməti idi. Eminin ötürməsini də qeyd etməliyik. Çox sevinirəm ki, gənc oyunçular oyun səviyyəmizə uyğunlaşa bilirlər. Amma çox işləməlidirlər və bunu bilirlər.

– Qışda komandadan gedənlər çox olacaq?
– Deməzdim. Bizə güclənməli olduğumuz mövqelərə oyunçular gətirmək lazımdır. Peşəkarıq. 3-4-dən artıq futbolçu dəyişə bilmirsən. Hər yeni gələn futbolçunun davamlılığa ehtiyacı var. Çalışmalıyıq ki, keyfiyyətimkzə keyfiyyət qataq. Say xətrinə oyunçu gətirməyəcəyik. Komanda qurmaq üçün vaxt lazımdır. Futbolçular öyrəşməlidir. Sağlam atmosfer lazımdır ki, inkişaf etsinlər.

– Qış fasiləsinə 3-cü yerdə getmək sizi nə dərəcədə qane edir?
– 3-cü yerlə qane ola bilmərəm. Hamı istəyir ki, 1-ci olsun. Mənim də məqsədim budur. Çalışırıq ki, bunu düzgün edək. Hamı da bunu edəcək. Hər kəs ən yaxşısını verməyə çalışacaq ki, ilk pillələrə qalxaq. Çoxlu iş, stress var. Amma bu, bizim işimizdir.

– Hansı mövqelərə transferlər olacaq? Anlaşmağa yaxın olduğunuz kimsə varmı?
– Bu, mənim işim deyil. Bu mövzuda danışa bilmərəm. Komanda rəhbərliyi ilə bu danışırıq. Müşahidə Şurası ilə də maliyyə baxımından müzakirələr gedib. Analiz edib, nələr edə biləcəyimizə baxacağıq. Bütün işimiz komandanın yaxşılığı üçün olacaq. Birdən 10 oyunçunu dəyişəcəyimizi gözləməyin. Bu, peşəkar və sağlam iş olmaz. Razılıq olandan sonra məlumat ola bilər. Adlar, mövqelər açıqlamaq düzgün olmaz.

– Oyun fəlsəfəsi olaraq komandaya aşılamaq istədiyinizin nə qədərini meydanda görmüsüz?
– Cavab vermək çox asandır. Necə qol vurduğumuzu analiz etməliyik. Bu gün ilk qolumuzu xatırlayın. İrəlidə pressinq edib, topu almağaçalışdıq. Oyunçunun kefiyyyəti də rol oynadı. Eminin mükəmməl ötürməsini qeyd etmək lazımdır. Futbol fəlsəfəm çox sadədir. Topu rəqibdən çox tez almağa çalışırıq. Amma bunu tam aşılamaq üçün komanda daha əzmkar çalışmalıdır. İstədiyimiz səviyyəyə çatacağıq. Mövsümdən əvvəl istədiyimiz kimi hazırlaşmaq üçün çox vaxt olmadı. Ona görə indidən yay üçün də komanda quracağıq. Çalışacağıq ki, böyük dəyişikliklər etməyək. Yayda təlim-məşq toplanışına hazır şəkildə getmək istəyirik. Onda da avrokubokda qrup mərhələsində oynamağa ümid edə bilərik. Bizim planımız budur. Düşünürəm ki, doğru yoldur. Bu kokmanda ölkənin iki ən böyük komandası arasında olmalıdır. Hazırda “Qarabağ”la bizim aramızda fərq böyükdür. Çox danışmamalıyıq. Daha çox işləməli və çalışmalıyıq ki, istədiyimizi quraq. Geridən gələcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43