21 Dekabr 2024
Kateqoriyasız

“Milliyə dəvət alacağımı gözləmirdim” – Tərlan Quliyev

“Kəpəz”in futbolçusu Tərlan Quliyev milli komandamıza dəvət almas ilə bağlı klubun mətbuat xidmətinə müsahibə verib

– Tərlan, əvvəlcə səni milliyə dəvət aldığına görə təbrik edirik. 

– Çox sağ olun. Açığı, yığmaya dəvət alacağımı gözləmirdim, birdən-birə oldu. Çempionatın startında belə xəbər aldığım üçün çox sevindim. Hamı kimi mən də milli komanda naminə əlimdən gələni etməyə çalışacağam. 

– Robert Prosineçkinin baş məşqçiliyi dövründə ilk dəfədir ki, yığmaya dəvət alırsan. 

– Bundan əvvəl Berti Foqtsun vaxtında milliyə çağırılmışam. İtaliya, Xorvatiya və Bolqarıstana qarşı oyunlara dəvət almışdım. Xorvatlarla matçda 67-ci dəqiqədə meydana çıxmışdım, bolqarlarla Bakıdakı oyunda da ikinci hissədə oynamışam. “Qarabağ”da çıxış etdiyim dövrlər idi. 

– Deməli, “Kəpəz”ə keçidin yığmaya yenidən çağırıldığın üçün sənə düşərli oldu. 

– Bilirdim ki, daim oynamaq lazımdı ki, milliyə düşə biləsən. Çünki baş məşqçi oynayanlara, kim güclüdürsə, onlara üstünlük verir. Özümü sübut edib, əsas heyədə yer almağa 
səy göstərəcəm. Məqsədim budur. 

– Buna kimi “Kəpəz”in bir neçə futbolçusu millinin sınaq toplanışına dəvət olunsa da, oyunlara çağırılan olmayıb. Tarixə səyahət etsək, komandamızın üzvünün sırf oyuna görə sonuncu dəfə 2000-ci illərin əvvələrində yığmaya çağırıldığını deyə bilərik. Sən bu sindromu qırdın. Bunu bilirdin? 

– Yox, bu barədə məlumatım yox idi. Uzun illərdən sonra “sarı-göy” formanı geyinən futbolçu kimi buna nail olduğum üçün çox fərəh duyuram.Gəncə kimi futbol şəhərini, “Kəpəz”i millidə təmsil edəcəyim üçün sevinirəm. 

 Yəqin ki, arzu edirsən ki, yığmaya səninlə yanaşı komanda yoldaşlarından da düşən olsun. 

– Əlbətdə, komandamızda çox yaxşı futbolçular var, onların da növbəti toplanışlarda yığmaya dəvət almasını ürəkdən istəyirəm. Hər şey qismətdən və çalışıb özünü göstərməkdən, sübut etməkdən asılıdı. Yaxşı olar. 

– Və sonuncu sual. Milliyə dəvət almağın “Qəbələ” ilə qarşıdakı çempionat oyununda sənin üçün əlavə motivasiya olacaq? 

– Bu sualı verəcəyinizi bilirdim. Əvvəlki iki turdakı oyunlara necə hazırlaşmışamsa, qarşıdakı matça da o cür məşq etmişəm. Özümü başqa cür də apara və ya ayrı hisslərə qapıla bilmərəm. Amma ruh yüksəkliyi var. Bu da olmalıdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43