“Neftçi”nin braziliyalı futbolçusu Ramon Maçado klubun rəsmi saytına müsahibə verib. İdmanxeber.az həmin müsahibəni təqdim edir.
– 2021-ci il geridə qalmaq üzrədir. Yeni il bayramını necə qeyd edəcəksiniz?
– Hazırda Braziliyadayam və Yeni il bayramını ailəmlə birlikdə qeyd edəcəyəm. Yanvarın 3-də Bakıya qayıdacağım üçün bayramı qeyd etməyə elə də çox vaxtım yoxdur. Vətənimə dincəlmək, daha çox enerji toplamaq üçün gəlmişəm.
– 2021-ci ili, həmçinin bu mövsümün ilk hissəsində “Neftçi”nin çıxışını və öz oyununuzu necə dəyərləndirirsiniz?
– Öz çıxışımdan, demək olar, razı qaldım. Amma düşünürəm ki, mən daha yaxşı oynaya, komandamız isə daha yaxşı nəticələr göstərə bilərdi.
– Ağ-qara formada meydana çıxdığınız 11 oyunda 3 qola imza atmısınız. Necə düşünürsünüz, daha çox qol vurmağınıza nə mane oldu? Ümumiyyətlə, mövsümün ikinci hissəsində “Neftçi”dən və öz oyununuzdan nə gözləyirsiniz?
– Hesab edirəm ki, vurduğum 3 qol məni qarşıdakı oyunlarda daha çox fərqlənmək üçün ruhlandıracaq. İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq.
– Peşəkar karyeranızın lap əvvəlində Almaniyanın “Regensburq” klubundakı çıxışınızı nəzərə almasaq, Azərbaycan sizin legioner həyatı yaşadığınız ilk ölkədir. Ölkəmiz və paytaxt Bakı haqqında nə deyə bilərsiniz?
– Azərbaycan və Bakı sözün həqiqi mənasında məni təəccübləndirdi. Mən və ailəm bu gözəl şəhərdə çox xoşbəxtik. “Neftçi”də hələ uzun illər oynamaq istəyirəm.
– Yəqin ki, qış fasiləsindən sonra azarkeşlər sizdən daha çox qol gözləyəcəklər. Onlara sözünüz varmı?
– “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün indi özümü daha hazır hesab edirəm. Azarkeşlər mənim timsalımda meydanda daha güclü və daha iradəli futbolçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.
– Yeni – 2022-ci ildən gözləntiləriniz nədir?
– Yeni ildən gözləntilərim çoxdur. Arzu edirəm ki, daha çox oynamaq şansı qazanıb, daha çox qollar vurum və “Neftçi”nin məqsədinə çatması üçün yaxşı nəticələr göstərməsində faydalı olum.