“Azarkeşi qınamarım, onlar komandadan qələbə istəyir. Bu işdə onlar haqlıdır. Buna görə də oyundan sonra məğlubiyyətə baxmayaraq, komandanı yığıb 90 dəqiqə bizə dəstək olan azarkeşlərə təşəkkür etmək üçün onlara tərəf apardım”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məqşçisi Samir Əliyev deyib.
Azərbaycan Premyer Liqasının II turu çərçivəsində paytaxt derbisində “İnter”ə uduzan “ağ-qaralar”ın “sükan sahibi” CBC telekanalına fləş-müsahibə zamanı komandanın güclənməyə ehtiyacının olduğunu etiraf edib:
“Yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, heyət mütləq gücləndirilməlidir. Düzdür, heyətdə gənc azərbaycanlı futbolçular var. Amma nəticə istəyiriksə, təcrübəli oyunçular alınmalıdır. Avqustun 31-nə qədər vaxtımız var. Axtarışlar gedir, iş gedir. Problemlərimiz var, hər şey göz qabağındadır. Boşluqları doldurmağa çalışacağıq”.