Bu gün “Sumqayıt”da Müşahidə Şurasının iclası keçirilib. İclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsi qəbul edilib və əsas komanda mövsümün sonuna qədər Samir Abasova həvalə edilib. O, təyinatı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.
– Müşahidə Şurasının qərarına əsasən, “Sumqayıt”ın baş məşqçisi təyin olundun.
– İclas bitəndən sonra rəhbərlik mənimlə görüşüb qərarını açıqladı. “Sumqayıt” rəhbərliyinə mənə bu vəzifəni etimad etdiklərinə görə təşəkkür edirəm. Qərarı normal qarşıladım. Çətin olacağını anlayıram. Əvəzedicilərin çempionatı ilə Premyer Liqa arasındakı fərq olduqca böyükdü. Məni olduqca çətin iş gözləyir.
– Sənin üçün “Sumqayıt”ın baş məşqçisi olmaq nə deməkdi?
– Nəinki mənim üçün, düşünürəm ki, bütün veteran futbolçular üçün öz şəhərlərini baş məşqçi kimi təmsil etmək böyük məsuliyyətdi. İnşallah ümidləri doğruldaram.
– Əsas heyətdə ciddi dəyişikliklər olacaqmı, hazırkı vəziyyətdə sizi narahat edən əsas məsələlər hansılardı?
– Qış “transfer pəncərəsi”nə kimi bu suala cavab vermək olduqca çətindi. Lakin bəzi dəyişikliklər labütdü. Sizə bir söz deyim, məşqlərdə özünü doğrultmayan futbolçu olsa, heç qışa qədər də gözləməyəcəyik. Qaldı ki, məni narahat edən əsas məsələ komandanın son vəziyyətidi. Uşaqlarda özünə inam itib. Bunu aradan qaldırmaq vaxt tələb edəcək.
– Köməkçiləriniz kimlər olacaq?
– Qapıçılarla işləyən məşqçi Etibar Tarıverdiyev qalacaq. Onun işi göz qabağındadı. Etibarın bacarığına inanıram. Bundan başqa, əvəzedicidə köməkçim olmuş Vəfadar Quliyev komandada olacaq. Digər köməkçim isə son vaxtlar futboldan uzaq qalmış, vaxtilə bu şəhərin sevilən futbolçularından olmuş Seymur Rəhimov olacaq.
– Lider olan əvəzedicilərdən əsas komandaya cəlb olunan futbolçular olacaqmı?
– Əvəzedici komandada kifayət qədər perspektivli futbolçular var. Artıq il yarımdı ki, bu kollektivlə çalışıram. Adlarını çəkmək istəməzdim, amma 3-4 futbolçu əsas komandaya çağırılacaq. Onu da qeyd edim ki, mütəmadi olaraq B komandadan A komandaya futbolçular dəvət olunacaq. Hətta əsas komandadan da əvəzediciyə gedəcək futbolçular olacaq. Əsas məqsədimiz hər iki komandanın vəhdətini təşkil etmək olacaq.
– Müasir futbolda əsas komandanın baş məşqçiləri həm əvəzedicilər, həm də akademiyanın aşağı yaş qruplarını daim diqqətdə saxlayır. Siz bu baxımdan hansı işləri görəcəksiniz?
– Əvəzedici komanda ilə mütəmadi olaraq işləyəcəyik. Bu əsas iş prinsipimiz olacaq. Akademiyaya bildiyiniz kimi almaniyalı mütəxəssis Frenk Bernhardt rəhbərlik edir. Onunla iş birliyi qurub Sumqayıt futbolunun gələcəyi üçün çalışacağıq. Əsas məqsəd isə akademiyadan əvəzedici komandaya, oradan da əsas komandaya futbolçu yetişmək olacaq.
– Sonda “Sumqayıt” azarkeşlərinə nə demək istərdin?
– Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Bu komandada futbolçu olduğum dönəmdə sevincli və ağır günlərimizdə daim yanımızda olublar, baş məşqçi kimi indi də yanımda olmalarını istəyirəm. Bizim komanda olaraq, ailə olaraq dəstəyə ehtiyacımız var.