Azərbaycan Premyer Liqasının
29-cu turu da geridə qaldı. Çempionat ərzində ilk dəfə autsayderlər diqqət mərkəzinə
düşdü ki, bu görüşdə də sülh qeydə alındı:
Paytaxt derbisi
“Neftçi” –
“Bakı” dueli daha çox Pantiçin açıqlamalarıyla yadda qaldı. Səlahiyyətləri
tam olaraq əlinə alan çalışdırıcının gözlədiyi olmayınca saman çöpündən
yapışmaq zərurəti yaranıb. Az qala hər parametrdə rəqibə uduzan
“zolaqlılar” hakimi günahlandırmaqla işlərini bitmiş sayırlar.
Halbuki, statistika hər şeyi ortaya qoyur. “Bakı”nın hücumçuları
qapıya doğru bircə dəqiq zərbə belə vura bilməyiblər. Bunu hakimin ayağına
yazmaq üçün gərək sənə o qədər imkan və pul verələr ki, özünü Pantiç kimi hiss
edəsən. Pantiç başa düşməlidir ki, prinsipləri bəzən klub naminə gözlətmək lazımdı.
Topa sahib olma, təkbətək mübarizələr, qapıya
zərbələr və digər elementlərin hamısında rəqibə uduzan “Bakı” məğlubiyyətlə
barışmalı, növbəti oyunlara köklənməlidi.
Oyuna gəldikdə isə, Böyükağa Hacıyev üzərinə
düşəni etdi. Əvəzlənmə öz sözünü dedi və nəticədə komanda qələbəni qazandı.
Tez-tez cinahlarda və dayaqlarda mövqe dəyişikliyi etməklə rəqibi çaş-baş salan
Hacıyevi alqışlamaq lazımdı.
“Yarımpaytaxt”
derbisi
“Su girdi qaba oldu içməli” – deyib
atalar. “Qarabağ” da paytaxta köçəndən olub paytaxt komandası. Bu haqda növbəti
yarımbaşlıqda.
AZAL-ın məşqçi dəyişikliyi çox tənqid olunub,
çox yazılıb bu barədə. Tərlan Əhmədov isə şans və zaman istəyir.
Əhmədovun oyunboyu etdiyi dəyişikliklər onun
eksperimentlər apardığını göstərir. Sol cinahın oyun boyu zəif təsir
bağışladığını görən baş məşqçi əvvəlcə Rəhimovu Səfiyaroğluna dəyişdi.
Şemonayevin yarımmüdafiədəki oyununu da bəyənməyən çalışdırıcı onu müdafiənin
soluna çəkdi. Orxan Səfiyaroğlunu vinqer kimi sınayan Əhmədovun hansı qənaətə gəldiyini
gələcək oyunlar göstərəcək. Yəqin siz də razılaşarsız ki, AZAL-dan
“Qarabağ”ı məğlub etməsini gözləmək sadəlövlük olardı.
Bəlkə
getməsinlər?
“Rəvan” – “Sumqayıt”
matçından əvvəl buraxılan quş stadiona elə maraqla qonmuşdu ki, autsayder
matçını turun afişasına çıxarmışdı. Məsələ budu ki, kimin, kimlərin göndəriləcəyi
hələ dəqiq deyil. Ümid edək ki, bu sadəcə komandaların çempionata rəng qatması
üçün verilən həyacan siqnalıdı. Əksini düşünmək heç də xoşagələn deyil. Onsuzda
10 komandalı mübarizənin özü maraqsızdı. Ölkə ərazisinin böyük hissəsi
çempionatdan kənarda qalıb. Premyer Liqada mübarizə aparan komandalardan 5-i
paytaxtı təmsil edir. Üstəlik, “Qarabağ”a da əyalət komandası demək
çox gülməli alınır. Tovuz, Gəncə, İmişli və digər bölgələr üçün nəsə düşünmək,
onları çempionata qaytarmaq yerinə daha bir komandanı itirmək incə desək
ağılsızlıqdı.
“Rəvan”ı qurtarmağa çalışan Kurtar
hələ ki nəticələrlə rəhbərliyin yaxasını tənqiddən qurtara bilir. Kubokun
yarımfinalçısı olmaq mövsüm üçün əla göstəricidi.
Əkizlərin
dueli
Lənkəranda keçirilən görüş həm kəşfiyyat
xarakterli idi, həm də uğursuzluq zolağından çıxa bilməyən iki komandanın
dueli. Böyük ümidlərlə böyük çalışdırıcalara güvənən hər iki komanda arzuolunan
nəticədən çox uzaqdadı. “Qəbələ”nin əsas problemi nizam-intizamla
bağlıdı. Komandaya “burda mənəm Bernabeuda Ronaldu” fəlsəfəli
oyunçuların cəlb olunması bütün planları alt-üst etdi. Belədə nə rəhbərlik, nə
də təcrübəli Syömin komandanın ipini yığa bildi.
“Xəzər Lənkəran”ın qeyri-stabil
oyunu isə psixoloji və fiziki hazırlığın qaydasında olmadığını göstərdi.
Komandanın Antalya toplanışından maksimum yararlanmadığı ardıcıl zədələr,
yorğunluq və enişlə özünü biruzə verdi. Zədələrin çoxluğu Mustafa
Dənizlinin arzuladığı 11-liyi meydana buraxa bilməməsiylə nəticələndi ki, bu da
komandanı növbəti uğursuz zolağa sürüklədi. Psixoloji hazırlıqsa özünü daha çox
AZAL və “Rəvan”la oyunlarda göstərdi. “Böyük oyun”dakı
qorxaq futbol və uğursuz əvəzlənmələr isə “stop” düyməsini aktivləşdirdi.
Oyun cənub təmsilçisinin üstünlüyü şəraitində
keçdi və komanda nəhayət ki, Premyer Liqada 2014-cü ilin ilk ev qələbəsini
qazana bildi. Əmirquliyevin sağ cinah müdafiəçisi kimi çıxışı riskli görünsə də,
Rahid bu işin də öhdəsindən gələ bildi. Qliqorovun dayaqdakı oyununu da alqışlamaq
lazımdı. Dəfələrlə müdafiəni sığortalayan futbolçu əsas heyətə iddialı olduğunu
göstərdi. Matçın adamı isə, heç şübhəsiz ki Benuahi idi. Sadio Tounkara isə
artıq neçə turdu ki, ondan gözləniləni verə bilmir. 3-cü dövrənin əvvəlindəki
mükəmməl oyunla adından söz etdirən futbolçu yenidən o günlərə
qayıtmalıdı. Mbilla haqqında isə çox
danışmağa ehtiyac yoxdu. Futbolçu ötən turlarda müdafiədəki etibarlı oyunu ilə
yadda qalırdısa, bu dəfə öz işini layiqincə gördü və qolunu vurdu. Əvvəlcə mərkəzdən
toppaylayıcı funksiyasını yerinə yetirən Zuhir sonradan sağ cinaha çəkildi ki,
bundan da bir neçə dəqiqə sonra qol gəldi. Matçda çatışmayan tək şey yaradıcı
futbol idi ki, bunu da məşqçilərin gizlədilən kartı saymaq olar. Axı, bu
komandalar bir neçə gün sonra kubok finalçısı olmaq üçün yenidən görüşəcəklər.
Ebesilio və Dodonun dayaq yarımmüdaçi tandemi
heç də pis təsir bağışlamadı. Subotiç və Kamananısa XL müdafiəsi rahat
buraxmırdı. Mendi və Silvanın cinah keçidlərinə daha çox ümid bağlayan Syömin
bundan da bir nəticə ala bilmədi. Futbolçuların qazanılan şansları heçə xərcləməsi
yekunda məğlubiyyətə gətirib çıxartdı.
Qardaşlıq
matçı
Zaqatalada keçirilən və ssenarisi əvvəlki
görüşlərdən fərqlənməyən oyun haqqında danışmaq bizə düşməz. Üzr istəyirik,
amma “qardaş söhbəti”nə qarışmaq bizlik deyil.
Kelvin