Qəbələ” İdman Klubu ilə “Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İdman Klubunun bütün futbol komandaları 2013-2014 mövsümündə üzərində “Pepsi” reklamı əks olunan formalar geyinəcək. “Pepsi” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kompaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“Pepsi Cola Azerbaijan” şirkətinin satış və marketinq müdiri Azər Cəfərov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirib: “İdman və xüsusilə, futbol “Pepsi” üçün yad sahə deyil. Hamıya məlumdur ki, “Pepsi” bugünə qədər bir çox mötəbər beynəlxalq yarışın sponsorlarından olmuşdur. Azərbaycanda bu fəaliyyətə “Qəbələ” İdman Klubu ilə başlamağımız da təsadufi deyil. Xüsusən, “Qəbələ” klubunun uşaq futboluna göstərdiyi qayğının şirkətimizin sosial məsuliyyət fəaliyyəti ilə səsləşməsi diqqətimizi cəlb etdi. Müqavilə hələlik bir illik imzalandı. Amma əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.