İdman

Qurban Qurbanov: “Futbolçularımı təbrik edirəm”

“Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

 Makedoniya ilə qarşılaşan və görüşdən 1:1 hesablı bərabərliklə ayrılan komandamızın çalışdırıcısı matç başa çatdıqdan sonra fikirlərini AFFA-nın rəsmi saytı ilə bölüşüb.

 

O, komandasından çox razı qaldığını xüsusi vurğulayıb: “Oyunçular bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım. Əvvəlki matçlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu, ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı. Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Oyuna diqqət və konsantrasiya daha yaxşı idi. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43