“Bakı” “transfer pəncərəsi”nin başa çatmasına az qalmış daha bir transferini həyata keçirib.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “zolaqlılar” Alberto Noquera ilə 1 illik müqavilə bağlayıb.
1989-cü il sentyabr 24-də İspaniyanın paytaxtı Madriddə anadan olan futbolçu mərkəz yarımmüdafiəçisidir. Tam adı Alberto Noquera Ripoll olan 23 yaşlı oyunçu “Xetafe”nin yetirməsi olsa da, peşəkar karyerasına “Rayo Valyekano”nun B komandasında başlayıb. Noquera daha sonra “Rayo Maxadahonda”, “Reyes”də çıxış edib.
2009-cu ilin iyulunda “Atletiko” ilə müqavilə bağlayan Alberto C komandasından A-ya kimi yüksəlib. Ancaq Madrid klubunun əsas komandasında 2011/12 mövsümündə cəmi 2 oyuna çıxıb. B komandasında çıxış etdiyi vaxt isə “Bakı”nın serbiyalı baş məşqçisi Milinko Pantiçin rəhbərliyi altında oynayıb. Noquera ötən ilin avqustun 14-də İngiltərənin 1-ci dəstə klubu “Blekpul”la 2 illik müqavilə bağlasa da, cəmi 1 oyunda meydana çıxdığı üçün bu ilin iyulun 29-da bu komandadan rəsmən ayrılıb.
Qeyd edək ki, “Bakı”da daha 3 ispaniyalı futbolçu – Mario Rubio, Mario Alvares və Ruben Qonzales çıxış edir. Son 2 futbolçu da Pantiçin təşəbbüsü ilə heyətə cəlb olunub.