Kateqoriyasız

“Sıx qrafikdə rotasiyalar etməyə məcburam” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasında XXIII turun “Zirə” – “Səbail” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Yaxşı komandaya qarşı oynadıq. Meydanda da bu göründü. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik. Ki, sonluq daha rahat olsun. Qol imkanlarımız var idi. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdısa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumən, yaxşı oyunlarımızdan birini keçirdik.

– 2-ci qoldan sonra komandanın dayanması nə ilə bağlı idi: rahatlıq, yoxsa “Neftçi” ilə kubok oyununu fikirləşmək?
– Qətiyyən o barədə düşünmürdük. Futbolçular böyük stress altındadır. Bütün komandalarda bu, hiss olunur. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun vərəqə limitindədir, onu bir az qoruya bildik. Bəzən verdiyin qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Rahatlaşmaq fikri yox idi. Qol imkanlarımız oldu, hətta qol da vurduq, oyundankənar vəziyyətə görə sayılmadı. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq.

– Mövsümün ilk yarısında komanda daha çox qol vururdu. Volkov da çoxdandır fərqlənmir. Sanki top ona çox çatmır…
– Sualla razı deyiləm. Davitə top gəlmir ki?

– Sanki “qol orucundadır”…
– Sizinlə razı deyiləm. Bu gün rotasiyalar etmişdik. Çempionat boyu buna gedirik. Davit aparıcı futbolçularımızdandır. Həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidir. Əsas odur ki, oyun planında problem olmasın. Son oyunlarda komanda yaxşı çıxış etmişdi. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi. Nəticə çox vaxt oyun göstəricisi olmur. Ən əsas futbolçuların performansına diqqət edirəm.

– Təmkin Xəlilzadənin oynamama səbəbi nə idi?
– 4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər bir futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam.

– Məqsədiniz gümüş medallardı, yoxsa 3-cü yeri qoruyub saxlamaq?
–    Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyilə. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə, avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik.

– İndi sizə nəticə daha vacibdir, yoxsa oyun planında inkişaf?
– Oyun fəlsəfəmiz var və onu komandaya yeritmək istəyirik. Təbii ki, nəticəni fikirləşirik. Amma öz yolumuz var və birdən-birə bunu dəyişə bilmərik. Demirəm ki, bütün oyunlarımızda buna sadiq qalacağıq. Amma sırf nəticəni fikirləşmək əlavə psixoloji problem yarada bilər


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43