“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Qazaxıstanın “Spartak” klubu ilə yoxlama oyunundan sonra matçla bağlı fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssis öncə qarşılaşmanı Antalyada keçirilən digər görüşlərlə müqayisə edib:
“Spartak”la oyun digər matçlarımızdan yaxşı oynamamağımızla fərqlənir. Bu, oyun keyfiyyətləri ilə bağlıdır. Hər halda, biz qarşımızda duran vəzifəni yerinə yetiririk və oyunun nəticəsi heç bir rol oynamır. Fiziki hazırlıq üzərində çalışmaları davam etdiririk. Səhər məşq etdik, axşam isə oynadıq. Gənc futbolçularımıza özlərini göstərmələrinə şərait yaratdıq. Hələ tam hazır olmayan futbolçularımız da var ki, bunlar Leonardo da Silva ilə Abdulvahid Afolabidir. Onlara da oynamağa imkan verdik”.
Syomin qarşıdakı oyunlarda rəqibləri ona yaxşı tanış olan Rusiya klubları – “Volqa” və “Torpedo” ilə matçlara böyük önəm verir. Onun fikrincə, həmin bu matçda daha optimal, qış fasiləsindən sonra çempionata başlayacaq heyət müəyyənləşəcək.