21 Dekabr 2024
Müsahibə

Tahir Süleymanov AFFA rəsmilərini biabır etdi: “O, “Neftçi”yə AFFA xətti ilə sırınıb” (MÜSAHİBƏ)

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun idmanxeber.com-a müsahibəsi.

– Tahir müəllim, "Neftçi" ötən gün xəbər yaydı ki, Nfor komandadan uzaqlaşdırıldı. Qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Orada qeyd olunmuşdu ki, ikinci Mpenza probleminin yaşanmaması üçün bu addım atılıb. Mpenza da, Nfor da sizin dönəminizdə komandaya gətirilən futbolçulardı. Bu xəbər sizə və sizin dönəminizdəki rəhbərliyə şamil olunmuş icmarıc idi. Hazırkı rəhbərlik bu cür addımları ilə nəyi və niyə isbatlamağa çalışır?

Hazırkı rəhbərlik deyəndə, konkretləşdirmək lazımdı. Bu gün Müşahidə Şurasında bir çox insanlar var. O insalardan biri də kluba tarixi uğurlar qazandırmış Sadıq Sadıqovun özüdü. Müşahidə Şurasının sədri Çingiz Abdullayev hazırda gündəmdə yoxdu. Abdullayev yeni gəldiyi dönəmdə iddialı açıqlamalar verirdi. Çünki tarixi bir kluba gəlmişdi. Ancaq son dönəmdəki vəziyyət onu kənara çəkilməyə vadar edib. İcraçı-direkor Elnur Məmmədov və onun havadarlarından gedir söhbət. Bəyəm Nfor söhbət var idi? Həvəskar "Mladost" kimi klubu keçə bilməyən "Neftçi" Nforu necə göndərdi? Nfor Tiflisdə "Çixura"nın qapısına 30 dəqiqədə 3 qol vuran futbolçudu. Hazırda da komandanın çempionatda qol vura bilməməsi böyük faciədi. Nfor bu gün komandada qalsaydı yəqin ki, "Neftçi"nin aktivində qələbə və qollar ola bilərdi. Sözümün təsdiqi odur ki, Nforda müqavilə nə Ramosdan, nə də Kauedən yüksək deyildi. "Sumqayıt"dan bəh-bəhlə lazımsız hücumçu transfer edib, ictimayiyyətə sırımaqdan, ehtiyatda saxlamaqdansa Nforun qalması daha yaxşı idi. Bir ay bundan öncə daha ödənişli Flavinyonun göndərilməsi çal-çağırla oldusa, niyə Nforu da bəh-bəhlə yola salmadılar? Niyə nədənsə qurtulduq yazdılar?

– Nfor sizin dönəminizdə transfer olunmuş futbolçudu. Xəbərdə qeyd olunub ki, bu futbolçu ilə bağlanmış müqavilə “Neftçi” PFK üçün əlverişsiz olması prosesin klubun xeyrinə həllini çətinləşdirmişdi.

Bir daha vurğuladığım kimi, həmin Elnur Məmmədov AFFA xətti ilə "Neftçi"yə sırınıb və onların xətti ilə gətirilən Kaue ilə müqayisə olunsun. Baxsınlar ki, Kauenin illik müqaviləsi, ona ödənilən məbləğ daha yüksəkdi, yoxsa Nforun? Elə olunan halda Kaue niyə göndərilmir və bəh-bəhlə müqayisələr olunmur? Cavabını mən verim: Məsləhət görərdim ki, Elnur Məmmədov AFFA-dakı özünün də bildirdyi kimi, dostu qardaş və müəllimi Elxan Məmmədovla araşdırsın və ətraflarında olan AFFA rəsmisinin Kauenin müqaviləsindən nə qədər məvacib, nə qədər "qonarar" aldığını elə "Neftçi"nin rəsmi saytı vasitəsi ilə millətə bildirsinlər. Bu tipli informasiyaların rəsmi sayta verilməsi absurddu. Onsuz da "Neftçi" rəsmi saytını 50% sarı mətbuata, 50%-də fotosessiya saytına çeviriblər. Və bunu da rəsmi sayt vasitəsi ilə bildirsələr bu "Neftçi"nin hazırkı bugunku durumuna uygun olar.  Və Kaue kimlər vasitəsi ilə gətirilib "Netçi"yə. Bundan əlavə araşdırsınlar görək kimlər vasitəsi ilə Kaue "Neftçi"yə gətirilib və bundan dırnaqarası menecer kimi kimlər pullar qazanıb. Nforun müqaviləsi Kaue və Ramosdan yüksək deyil. Bu gün "Neftçi"nin imicinə ən böyük zərbi Elnur Məmmədov və onun ətrafı vurur. Braziliyanın hər tinində çəkdirdikləri şəkilləri klubun rəsmi saytına vermək özü biabırçılıqdı. Maraqlıdı, Nforun müqaviləsi var idi, niyə oynamırdı?    

– Bu sualı mən sizə verim. Sizcə, Nfor niyə oynamırdı?

Çünki orada müqavilədə belə bənd var idi ki, oyunçu 75% əsas heyətdə oynamalı idi. Əgər Nforun oyunu bəyəniləcəyi təqdirdə onunla yeni müqavilə bağlanacaqdı. Bir misal çəkim sizə, Mitreskinin müqaviləsində 23 oyun göstərilmişdi. Biz də həmin dönəmdə o futbolçunun oyunundan razı qaldığımız üçün klubda qaldı. Bugünkü gün "Neftçi"yə hücumçu lazım olduğu halda onu göndərmək məntiqsizdir. Nfor "Neftçi"də qalıb lazımı səviyyədə çıxış edə bilərdi. Çox uzağa getməyək. Ötən gün "Neftçi" "İnter"ə uduzdu. Həmin oyunda sabiq futbolçularımız necə çıxış etdi hər kəs gördü. Rauf Əliyev "Neftçi"yə Mirhüseyn Seyiodovun ötürməsindən sonra qırmızı vərəqə aldırdı, Deniz Silva da hesabı açdı. 

– Sadıq Sadıqovun qoyub getdiyi komandadan ona aid hər kəsi az qala klubdan uzaqlaşdırırlar. Nforun göndərilməsi də, bu planın bir hissəsi saymaq olarmı?

Onlar özləri bilmirlər nə iş görürlər. Bəli, buna belə ad da vermək olar. İctimaiyyəti aldatmasınlar. 

Bu gün "Neftçi"ylə bağlı CAS-a müraciət olunub. 

Maraqlıdır ki, ümumiyyətlə Nfor məsələsi yox idi. Hörmətli Elnur Məmmədov AFFA-da da çalışıb. Bir daha xatırlatmaq istəyirəm ki, AFFA məmurlarının nə qazandığını açıqlayıb ortaya qoysunlar, dostları ilə birlikdə və sonra Kauenin müqaviləsindəki məbləği açıqlasın. 

Bunlar hiss olunur ki, şəkil xəstəsidilər. Klubun rəsmi saytı ilə elə öz şəkilləriylə birlikdə Kauedən nə qədər qazandıqlarını açıb paylaşsınlar. 

– E.Məmmədov və Vəli Qasımov hazırda Braziliyada işgüzar səfərdədilər. Nfor, Flavinyo kimi futboçuları göndərib, Cənubi Amerikada açıqlamasalar belə oyunçu axtarmaq nə dərəcədə məntiqlidi?

Ümumiyyətlə bizim dönəmdə belə şey yox idi. Biz də orada futbolçu axtarmağa getmişik, şəkil də çəkdirmişik. Ancaq onu heç bir yerdə yayımlamamışıq. Bunlar öz şəkillərini rəsmi saytda hər gün az qala reklam edirlər. Əmin olun ki, harada olmalarına baxmayaraq "Neftçi"ni yenə onlar idarə edir. Ötəngünkü azarkeşlə bağlı gülünc bəyənatı da onların vasitəsi ilə çox güman ki, sayta veriblər. 

– "Neftçi" ötən gün sadiq azarkeşi ilə bağlı bəyənat yaydı ki, "kənar şəxs"di…

Ümumiyyətlə stadionda kənar şəxs olmur. Bu "Neftçi"nin azrakeşi olmasa belə hansısa klubun fanatıdı. Mətbatdada bu barədə məlumatlar gedir ki, həmin azarkeş "Neftçi"nin sadiq fanatlarından biridi. Azarkeşlərə qarşı həssas yanaşmaq lazımdı. Bir məqamı deyəcəm sizə, mərkəzi arenada keçirilən oyunda "Neftçi" Milan "İnter"i ilə oyunda 250 min manat sırf azarkeşlərədən gəlir əldə etmişdi. Bu gün dünya praktikasında klubun gəlirlərinin böyük hissəsi azarkeşlərlə bağlıdı. Yeri gəlmişkən, "Neftçi" bu yaxınlarda yeni layihə ortaya qoyub, 1937-ci ildə yaranmış klub üzvlük kart sistemi həyata keçirir. Ümumiyyətlə, bu kartları kim alacaq? Bu cür absurd açıqlama, azarkeşə qarşı belə davranışdan sonra bu kartları kim alacaq ki? Bizim dönəmdə xatırlamıram ki, hansısa futbolçumuz azarkeşin üstünə hücum çəksin, onu təhqir etsin. Futbol azarkleşlər üçün oynanılır. Futbol Elnur Məmmədovlar üçün oynanılmır. 

"Neftçi" xalqın komandasıdı. "Neftçi" hansısa şəxsi qurumun, hansısa adamın klubu yox, xalqın komandasıdı. Azarkeşlərimizə səbrli olmağa çağırıram. Elnur Məmmədov kimi insanlar bilməlidir ki, hansı kluba gəliblər. 

Bu gün "Neftçi" dağıdanlar 5 il bundan öncə biz kluba gəldiyimiz dönəmdə komandanı necə qəbul etidiymiz bilirlər. İctimaiyyət bilsin ki, həmin dönəmdə Gedeni "Neftçi"yə gətirib təqdim edən şəxsən AFFA-nın baş katibi Elxan Məmmədov olub. Bu artıq onların "Nefçi"nin dağıdılmaq yönündə ikinci addımlarıdı. Elnur Məmmədova məsləhət görərdim ki, Gede və onun futbolçularına ödənilən məbləğləri arxivdən götürüb rəsmi sayt vasitəsi ilə açıqlasın ki, "Neftçi" nələrdən qurtulub. Mənə elə gəlir ki, Elxan Məmmədov bəlkə də indi düşünür ki, öz kadrı Elnur Məmmədovu "Neftçi"yə göndərməklə səhv addım atıb. Çünki Elxan Məmmədov bu tipli məsələlərdə son anda ehtiyatlı və ağılllı davranır. Yəqin Elnur Məmmədov şagird kimi bunları tam mənimsəyə bilməyib. Buna görə də təkcə "Neftçi"ni yox, müəllimi Elxan Məmmədovu da pis vəziyyətdə qoyub. 

Digər bir tərəfdən Elnur Məmmədova məsləhət görərdim ki, rəsmi sayt vasitəsi ilə bizim dönəmdə UEFA tərəfindən kluba qazandırdığımız milyonlarla vəsait neçə müddətə AFFA-dan "Neftçi"nin hesabına köçürülüb. Bunu da araşdırıb rəsmi sayt vasitəsi ilə xalqımıza çatdırsın. Mənə elə gəlir ki, bütün bu qeyd etdiyim məsələlərlə bağlı Elxan Məmmədov öz şagirdi Elnur Məmmədova öz dəyərli məsləhətlərini verəcək.

Səxavət Qurbanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43