15 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”la oyunda qazanılan ilklər

Qəbələ” Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran” üzərində 2:0 hesablı qələbə qazanıb.

Mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atıb.

“Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf olub. Belə ki, əvvəlki 2 qalibiyyət zamanı ilk qol rəqibdən gəlmiş, “Qəbələ” isə əzmkar qələbə ilə fərqlənmişdi.

Öncəki qələbələrini minimal fərqlə əldə edən komanda bu dəfə 2 top fərqinə sevinib. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən “qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqli zəfər çalmışdı. Həmin vaxt da rəqib “Xəzər Lənkəran” idi – 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.

Bu dəfəki qələbə həm də klub tarixində evdə qazanılan 70-ci qələbə olub. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən “Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəlib.

Yeni komandasında qol hesabını açan Lorenzo Ebesilio “Qəbələ”də qol sevinci yaşayan 80-cı futbolçu olub. Daha 6 qol isə rəqiblərin avtoqolu sayəsində mümkün olmuşdu. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşüb. Belə ki, onadək “qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar – 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada “Qəbələ” üçün qol vuran 60-cı oyunçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43