Ölkə futbolu

Aleksey Baqa: “Top rəqib qapıçı tərəfə də gedib çatmırsa, hansısa uğurdan danışmaq çətindir”

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Rəqibi təbrik etmək istəyirəm. Təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla matçda yarada biləcəyimiz hansısa epizodlardan yararlanmaq lazımdır. Top rəqib qapıçı tərəfə də gedib çatmırsa, hansısa uğurdan danışmaq çətindir”.

– Hücumda çoxala bilməməyiniz, hücuma çıxa bilməməyinizin məsuliyyəti kimdədir?
– Hücumda çoxalmaq, mövqe hücumlarına keçmək istənilən məşqçi üçün çox çətindir. Burada əsas məsələ ustalıq səviyyəsidir. Təəssüf ki, hücumda çoxalmaq üçün, mövqeli hücumlar təşkil etmək üçün top itirməməlisən. Futbolçularda da özünəinam olmalıdır ki, komanda yoldaşının topu itirməyəcəyinə inansın. Həyat belə gətirib ki, biz məcburiyyətdən müdafiədən oynamalıyıq. Belə anlarda da müdafiə xəttinin üzərinə böyük məsuliyyət düşür. Bugünkü oyunu götürsək, yaratdığımız eyni epizodlardır, amma reallaşdırmada məsələ fərqlidir. Ola bilər ki, biz hansısa oyunda müdafiədə səhv buraxmarıq, qapıçı yaxşı oynayaraq nəticəni çıxara bilərik. Amma bu dəqiqə çox çətindir.

– Matçdan sonra Maksim Medvedev və Qara Qarayevlə söhbət etdiniz. Onlarla nə danışırdınız?
– BATE – “Qarabağ” oyunlarından Maksim Medvedevlə yaxşı, dost münasibətlərimiz qurulub. Düzü, bu, tam yadımda deyil. Amma onu deyə bilərəm ki, Maksim çox yaxşı insan və yaxşı futbolçudur. Üz-üzə gələndə ümumi mövzulardan danışırıq. Qara Qarayevlə söhbətimizə gəlincə, 3-cü dəqiqədə Əli Qurbani ilə toqquşmadan sonra topuq nahiyyəsindən zədələndi. Elə onu soruşdum.

– BATE ilə oyundan söz düşmüşkən, həmin vaxtdan bu yana “Qarabağ”da hansı dəyişiklikləri qeyd edə bilərsiz?
– “Qarabağ” ardıcıl 8-ci ildir ki, avrokuboklarda qruplarda oynayıb. Bu, əlbəttə ki, ustalıq səviyyəsindən və stabillikdən irəli gələn məsələdir Bəzən elə olur ki, daxili çempionatda qələbə qazanırsan, daha sonra aşağı pillələrə düşürsən. Ancaq “Qarabağ” illərdir ki, öz səviyyəsini qoruyub-saxlayıb, oradan da aşağı düşmür. BATE, “Sumqayıt” komandalarının baş məşqçisi kimi “Qarabağ”a qarşı oynadığımız oyunları müqayisə etməyim, düzgün olmaz. Amma komandanın stabil olması, neçə ildir bu stabilliyi qoruyub-saxlaması əlbəttə ki, onların ustalığından və peşəkarlığından xəbər verir.

– Stadiondakı atmosferi bəyəndiniz?
– Həm stadiondakı atmosfer, həm oyunun başlama vaxtı məni çox sevindirdi. İsti hava, ot örtüyünün inkişaf etməsi üçün də çox yaxşı idi. Hər iki komandanın azarkeşləri də yaxşı atmosfer yaratmışdılar. Ümumiyyətlə, “Qarabağ”la oyunda atmosferin yaxşı olacağı gözlənilən idi.  Buna görə bu gün stadiona təşrif buyuran bütün azarkeşlərə təşəkkür edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43