Müsahibə

Almeyda: “Futbolçu üçün böyük azarkeş ordusu qarşısında oynamaq stimuldu” – MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın idmanxeber.com saytına müsahibəsi

– Gərgin keçən “Simurq”la oyun haqda nə düşünürsüz?
– Bizim üçün çox vacib olan 3 xal qazandıq. “Simurq”a qarşı oynamaq çox çətindi. Amma yaxşı ki, biz bu çətin səfərdən qələbə ilə qayıtmağı bacardıq.

– “Sent-Etyen”lə oyundan dərhal sonra belə bir görüşə çıxmaq çətin olmadı ki?
– Əlbəttə, uçuşun ardından müəyyən yorğunluq var idi. Amma biz müxtəlif cəbhələrdə oyunlara çıxmağa hazır olmalıyıq. Peşəkar futbolçularıq və bu, bizim işimizdi.

– Gərgin qrafiklə oynadığınıza görə təəssüflənmirsiz?
– Əlbəttə, bizə asan deyil. Amma peşəkar futbolçu hər oyuna çıxmağa hazır olmalıdı. Hətta 3-4 gün bir oyunlar olsa da.

– “Simurq”la oyunda “Sent-Etyen”lə görüşdəki qədər parlaq oyun göstərə bilmədiz. Buna səbəb Reynaldonun yoxluğu idi?
– Onunla bir-birimizi yaxşı başa düşürük. Həqiqətən də “Simurq”la oyunda özümdən gözlədiyim futbolu nümayiş etdirə bilmədim. Bunun səbəbi təkcə Reynaldonun yoxluğu deyildi. Duasla Çumbinyo da yoxdu. Lakin hər şeydən önəmli olan komandamızın qələbəsi idi ki, onu da əldə etdik.

– “Sent-Etyen”in stadionundakı ab-havadan çıxıb Zaqataladakı ab-havaya uyğunlaşmaq çətin olmadı?
– Futbolçu üçün böyük azarkeş ordusu qarşısında oynamaq stimuldu. Evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Amma start fitindən sonra azarkeşlərə elə də xüsusi diqqət yetirmirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43