Ölkə futbolu

“Antalya toplanışı futbolçularımız üçün böyük təcrübə oldu”

“Çox yararlı toplanış keçirdik. Həm məşqçi heyəti, həm də futbolçular səylə çalışdılar, təcrübələrinə təcrübə qatdılar”. Bu sözləri Qəbələ Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı Türkiyənin Antalya şəhərində 5-12 yanvar tarixlərində təlim-məşq toplanışı keçirən U-16 komandasının hazırlıqları ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Türk mütəxəssis yoxlama oyunları ilə bağlı da danışıb: “Oyunlarda yaxşı mübarizə aparsaq da, nəticələr qənaətbəxş olmadı. Öncədən də dediyimiz kimi belə oyunlarda nəticələrə önəm vermirik. Əsas futbolçularımızın oyun sistemimizə uyğun olaraq mübarizə aparmaları, tapşırıqları yerinə yetirmələri, çalışmalarıdı. İki Şotlandiya təmsilçisi ilə qarşılaşdıq. Bildiyiniz kimi bu ölkə futbolçuları fiziki cəhətdən çox güclü olurlar. Məğlubiyyətlərimizin səbəbləri də rəqiblərimizin həm yaşca böyük olması, həm də fiziki cəhətdən futbolçularımızı üstələmələri ilə bağlı oldu. Amma taktiki və texniki cəhətdən şotlandlardan geri qalmadıq”.

Fıçıcı belə toplanışların gənc futbolçuların futbol baxışlarının inkişafında əvəzsiz rol oynadığını bildirib: “Toplanış futbolçularımız üçün böyük təcrübə oldu. İlk dəfə Şotlandiya təmsilçiləri – “Hibernian” (0:3) və “Seltik”lə (0:5) qarşılaşdıq. Umimiyyətlə belə toplanışlar futbolçularımızın futbol baxışlarının və dünya görüşlərinin inkişafında əvəzsiz rol oynayır. Biz Qəbələdə məşqlər zamanı belə fiziki cəhətdən güclü rəqiblər haqda söhbətlər aparırıq, onlara qarşı mübarizə üsüllarını futbolçularımıza aşılayırıq. Amma komandalarımızın meydançada belə rəqiblərlə üzləşməsi, mübarizə aparması onlara daha çox şey qazandırır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43