Ölkə futbolu

“Azərbaycanda oynamaq asan deyil” – braziliyalı hücumçu

“Asan oyun olmadı. Güclü rəqibə qarşı çıxış etdik. Komanda yoldaşlarımın köməyi ilə qol da vura bildim. Əsas odur qalib gəlib, üç xalı qazana bildik”.

Bu sözləri İdmanxeber.az “Turan Tovuz”un hücumçusu Aleks Souza “Sabah” qələbəsi barədə danışarkən deyib. Braziliyalı forvard bölgə təmsilçisinin hədəfləri barədə də söz açıb:

“Açığı, hazırda avrokuboklar barədə düşünmürük. Qarşıdakı oyunlara köklənmişik. Hər matçımıza ciddi yanaşırıq. Addım-addım irəliləmək istəyirik. Avrokuboklar haqda çox danışmaq istəmirəm. Gücümüzün fərqində olmalı və hər oyunda nəticə qazanmalıyıq. Bundan sonra hansı mövqedə olacağımızı görəcəyik”.

Braziliyalı oyunçu komandanın son 3 oyunda bir qələbə, bir məğlubiyyət, bir heç-heçə almasını və stabilliyin olmamasını belə şərh edib:

“Futbol o qədər asan oyun deyil. Bütün matçları qazanacağıq deyə bir şey yoxdur. Qarşıdakı komandalar da meydana nəticə üçün çıxır. Bizim yaxşı komanda olmağımız hər oyun qalib gələcəyik anlamını daşımır. Bəli, güclü heyətimiz var, kollektiv mübarizə aparırıq. Amma meydanda sənə rəqib olan klublar da zəif deyil. Onlar da qalib gəlmək niyyətindədir. Bəzən yaxşı oynadığın görüşdə belə bir xal qazanırsan”.

“Turan Tovuz”a qışda qoşulan 23 yaşlı hücumçu 11 oyunda 5 qol vurub, 5 də assist edib. O, performansı barədə belə danışıb:

“Premyer Liqa kifayət qədər gərgin keçir. Azərbaycanda oynamaq asan deyil. Amma evdə çıxış etmək bizim üçün əlavə motivasiya verir. Azarkeşlər önündə hər zaman qol vurmaq, qələbə qazanmaq istəyirsən. Tribunaları dolu görəndə onları sevindirməyi düşünürsən. Bundan sonra da eyni şəkildə davam etmək lazımdır”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43