İdman

Azərbaycan Velosiped İdmanı Federasiyası VeloParkda ağacəkmə kompaniyası keçirib

2015-ci il may ayının 4-də Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı Coca-Cola şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində yaz mövsümündə VeloParkda 4000 ağac əkilməsi kompaniyasını başa çatdırmışlar. 

İdmanxeber.com-un məlumatına görə, Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped növü üzrə yarışlar məhz bu VeloParkda keçiriləcək.

Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında Baku-2015 Avropa Oyunlarının Təşkilati Komitəsinin, Coca-Cola şirkətinin, ADA Universitetinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, mayın 6-10-da təşkil olunacaq “Tour d’Azerbaïdjan-2015” beynəlxalq velosiped turunda iştirak edəcək “Synergy Baku Cycling Project” komandasının üzvləri iştirak ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkda toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəsüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidən agacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velomarşurut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada  Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30.000–dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə həftə ərzində isə Coca-Cola şirkəti və ADA Universiteti tərəfindən burada daha 4.000 ağac əkilib və biz ümidvarıq ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq Bakı-2015 Oyunlarına dəstək verən bütün tərəfdaşlara təşəkkürünü bildirərək qeyd etdi ki, tərəfədaşlarımızın “Bakıda keçiriləcək ilk Avropa Oyunlarına bu cür dəstəyi bizi çox sevindirir. 2012-ci ilin dekabrında Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi məlum olan kimi, biz bütün səylərimizi bu oyunların Azərbaycanda dəyərli bir irs qoymasına yönəltdik. 29 ay hazırlıq müddətində çoxlu sayda gənc Azərbaycan mütəxəssisi beynəlxalq səviyyəli yarışların keçirilməsində yeni təcrübə və bacarıqlar əldə ediblər. İnsan kapitali irsindən başqa, Avropa Oyunları Azərbaycana digər sahələrdə də böyük töhvə verəcək ki, onlardan biri də bu gün bizim tərəfdaşlarımız Coca-Cola və ADA Universitetinin dəstəyi ilə həyata keçirilir” – deyə, Saymon Kleq bildirib.

Azərbaycan Coca-Cola Bottlers MMC-nin Baş Müdiri Cem Becel təmsil etdiyi qurumun dünyanın ən nüfuzlu şirkətlərindən biri olaraq Azərbaycanın davamlı inkişafına verdiyi töhvədən danışdı:“Ağac əkilməsi bizim Azərbaycanda həyata keçirdiyimiz ekoloji siyasətimizin mühüm hissəsidir. 2014-cü ildə Coca-Cola ADA Universiteti ilə birgə 2020-ci ilədək 100,000 ağacın əkilməsini nəzərdə tutan uzunmüddətli ekoloji proqrama start verdi. Bu proqrama Bakı-2015 Avropa Oyunlarının idman obyektlərindən biri olan VeloParkın da daxil edilməsinə çox şadıq. Velosiped idmanı üzrə beynəlxalq və milli yarışların keçiriləcəyi VeloPark Bakının ən gözəl guşələrindən birinə çevrilməkdədir. Bakı-2015 Oyunlarının rəsmi tərəfdaşı kimi, ilk Avropa Oyunlarının uğurla keçməsinə dəstək olmaqdan çox məmnunuq və Oyunların ölkəmizin və insanların həyatında müsbət dəyişikliklərə səbəb olacağına inanırıq”.

Coca-Cola şirkətinin nümayəndəsi onu da bildirdi ki, ADA Universiteti ilə həyata keçirilən “Ağac Əkək, Təbiətə Pay Verək” adlı ekoloji proqramın məqsədi Abşeron yarımdamasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ətraf mühitin inkişafına nail olmaqdır. Bu ilin sonunadək Coca-Cola və ADA Universiteti birlikdə 20,000 ağacın əkilməsini planlaşdırır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Bu ekoloji proqram vasitəsilə Abşeronda meşə zolaqlarının artması su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya məruz qalmasının qarşısını alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43