Ölkə futbolu

“Bəhanə gətirmək kişilikdən olmaz” – Aleksey Baqa

Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən “Sumqayıt” – “Sabah” matçından (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Rəqib layiqli qələbə qazandı. Oyundan zövq aldılar. Mən də futbolçularımdan bunu tələb edirəm. Kifayət qədər səhvlərimiz oldu. Xüsusilə, hücumda qeyri-dəqiq olduq. Rəqibin hücum keyfiyyəti yüksək idi.

– Komandada nə çatışmır? Sanki inam yoxdur, ruh ölüb… 
– Fiziki yorğunluqdan, nədənsə şikayət etməyə haqqımız yoxdur. Premyer Liqada iştirak edən oyunçularımız cəmi 20-21 oyun keçirir. Amma Avropada futbolçular mövsümə 70 oyuna çıxır. Nəyisə bəhanə etmək kişilikdən olmaz. 3 yaxşı qol buraxdıq. Belə bir deyim var, bu qolları heç traktorla da çıxarmaq olmazdı. Biz bəhanə gətirə bilmərik. Üzərində işləməli olduğumuz çox şey var.

– Yanlış vaxtda yanlış komandaya gəldiyinizi düşünürsüz?
– Xeyr. Hara gəldiyimi yaxşı bilirəm. Belə düşünmək lazım deyil. Bizim işimiz belədir. Bura yanvarda gəlmişəm və peşmançılığım yoxdur. Çətin vəziyyətdəyik. Bu, mənim üçün yeni təcrübədir. Desəm ki, düzgün vaxtda düzgün yerə gəlməmişəm, doğru olmaz. Bu, futbolçular və mənim üçün yaxşı olmazdı.

– Popoviç start heyətdə meydana çıxmağa hazır idi?
– Artıq 3 həftədir bizimlə məşq edir. Onu bu müddətdə sınadıq və müqavilə imzaladıq. Şans vermək qərarına gəldik. Hazırlığı haqda çox danışa bilmərəm. Ukraynadan gəlib və ailəsi ordadır. Bu gün onun oyununa baxsaq, uğurlu və uğursuz epizodlarının olduğunu görərik. Bütün faktorları götürsək, onun tam hazır olduğunu deyə bilmərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43