Ölkə futbolu

“Bakı” azarkeşləri həbs olunan “Xəzər Lənkəran”lı fanata dəstək oldu

Premyer Liqanın IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən olaylardan sonra tutulanlar arasında sosial şəbəkələrdə Eliko Ləzginçik kimi tanınan Qusar rayon sakini 1994-cü il təvəllüdlü Elman Davud oğlu Tağıyev haqqında məhkəmə qərarı çıxarılıb. Qərara əsasən o, 2 aylıq həbs cəzasına məhkum olunub.

Qeyri-rəsmi məlumatlara görə, stadiona “molotov kokteyl”i atılmasıyla bağlı Eliko sorğu-sual edilib.

Qeyd edək ki, stadionda “molotov kokteyl”i atılmayıb. Stadionda qarşıdurma yaranan zaman meydanın kənarındakı topdaşıyana hücum olarkən Ləzginçik ora müdaxilə edib və buna görə saxlanılıb.

Biz , “Bakı” futbol klubunun  “Şəhər Uşaqları” fan klubu adından gənc dostumuza qarşı atılan bu cür aqressiv münasibəti pisləyir, bu cür addımların problemlərin həllinə yox, gərginləşdirilməsinə gətirib çıxaracağını düşünürük.

Eliko Ləzginçik kimi yerli klublarımıza azarkeşlik edən yoldaşlarımızın həbsdə yatması, Azərbaycan futbolu üçün utancverici bir məsələdir. “Şəhər Uşaqları” fan klubu olaraq, “Xəzər Lənkəran”lı yoldaşlarımıza Elikonun müdafiəsi , onun azad olması yöndə atacaqları bütün addımlara dəstək verməyə hazırıq. Həmçinin bütün yerli futbol klublarımızdan xahiş və tələb edirik ki, bu yöndə aktiv fəaliyyət göstərsinlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43