Kateqoriyasız

Bank rəhbəri niyə Qurban Qurbanovu yaxına buraxmayıb?

Azərbaycan futbolunun keçmişi maraqlı əhvalatlarla, adamları dəhşətə gətirəcək hadisələrlə zəngindir.b

Belə olaylardan biri təxminən 15 il öncə yaşanıb. Qurban Qurbanov futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə də elə həmin komandada başlaya bilərmiş Lakin həmin vaxt klubun sahibi olan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev o vaxtların məhşur futbolçusuna güvənməyib.

Vaxtilə “İnter”də rəhbər şəxslərdən sayılan Alı Alıyev bu barədə maraqlı açıqlama verib: “Qurban Qurbanovun karyerasının son vaxtları idi. O zaman “İnter”də çıxış edirdi. Bizdə 3 oyun oynadıqdan sonra karyerasını bitirdi. 2005-ci ilin noyabrında vida oyunu keçirdik. Bu matçda milli komandanın üzvləri və Premyer Liqanın legionerləri iştirak etdilər. Maraqlı qarşılaşma olmuşdu. Bundan sonra Qurbanov “İnter”də idman direktoru vəzifəsində işləməyə başladı. O, yerli futbolu çox yaxşı bilirdi. Legioner həyatı yaşamasına baxmayaraq, Azərbaycanda baş verən hər şeydən xəbərdar idi. Bu səbəbdən də “İnter”də işləri yaxşı gedirdi. Hamı ona hörmət edirdi.

2006-ci ildə Anatoli Konkov komandadan ayrıldı. Onu əvəzləyən köməkçisinin məşq üslubu “İnter”ə uyğun deyildi. Bu səbəbdən də Cahangir Hacıyev yeni mütəxəssis axtarışındaydı. Hamı düşünürdü ki, Qurban Qurbanov baş məşqçi olacaq. Qərar belə idi ki, məşqçilər korpusu yığışıb, klubunun fəxri prezidenti ilə bu barədə danışsın. Mən rayonda idim. Futbolçular sözü bir yerə qoyub, Cahangir müəllimlə görüşə gediblər. Əvvəlcə mənə zəng etdilər. Onlara dedim ki, gözləyin, mən də gəlim, amma çifayda. Nə isə, futbolçular Cahagir Hacıyevlə görüşüblər ki, bəs Qurban Qurbanov baş məşqçimiz olsun. O da buna əsəbləşib. Hacıyev həmişə düşünürdü ki, Qurbandan yaxşı məşqçi olmayacaq. Bu üzdən də Xodukini komandaya dəvət etdi. Düzdür, ukraynalı ilə “İnter” uğurlu nəticələr qazandı, amma Hacıyev fikrində yanıldı. Beynəlxalq Bankın sabiq rəhbəri hətta Qurbanı komandadan uzaqlaşdırmaq üçün “Simurq”a baş məşqçi göndərmək istəyirdi. O da bölgədə işləmək istəmədiyini bildirərək, təklifi qəbul etmədi. Həmin dövr üçün elita klubundan diviziona getmək karyeranı başlamadan bitirmək demək idi. Daha sonra olanları özünüz bilirsiz”.

Qeyd edək ki, 2004-2015-ci illər aralığında “İnter”in prezidenti olan Cahangir Hacıyev 2015-ci ildə həbs olunub, 2016-cı ilin oktyabrında bir sıra maddələrlə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. (Futbol+)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43